Macarıstanın Baş Qərargah rəisi Azərbaycanda olub

Tarix: 21:00 07.05.2025
Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşməsinin bariz nümunəsidir. Bu səfər çərçivəsində o, Azərbaycanın bir sıra hərbi müəssisələrində olub və müdafiə sahəsində əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Məsələ ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan ilə Macarıstan arasında çox perspektivli əməkdaşlıq mövcuddur:
"Hər iki ölkə dost münasibətlərə və strateji tərəfdaşlığa malikdir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişafında Macarıstanın xüsusi rolu var. Macarıstan, Türk Dövlətləri Təşkilatı çərçivəsində də həm ölkəmizlə, həm də təşkilatın digər üzvləri ilə sıx əməkdaşlıq edir. Müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur və bu imkanlar Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı üçün möhkəm zəmin yaradır.Baxmayaraq ki, bu gün bütün texniki sahələrdə tam şəkildə gözləntilərə uyğun əməkdaşlıq qurulmayıb, belə bir perspektiv mövcuddur. Ən əsası isə Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyədə inkişaf etmiş siyasi münasibətlər var. Bu siyasi platforma üzərində texniki və təhsil sahələrində əməkdaşlığın inkişafı real görünür.Xüsusilə təhsil sahəsində, Azərbaycan zabitlərinin Macarıstanda hazırlanması təcrübəsi artıq mövcuddur. Bu da hər iki ölkə arasında təhsil əməkdaşlığının müəyyən inkişaf mərhələsindən keçdiyini sübut edir".
Ekspert həmçinin bunu da bildirib ki, hazırda Macarıstan silahlı qüvvələrinin modernləşdirilməsi mərhələsindədir və bununla bağlı onillik inkişaf proqramı həyata keçirilir:
"Müdafiə sənayesi kompleksinin inkişafı Macarıstan hökumətinin əsas prioritetlərindən biridir.Azərbaycan isə müdafiə sənayesi kompleksini uğurla və dinamik şəkildə inkişaf etdirən bir ölkədir. Artıq Azərbaycanda effektiv fəaliyyət göstərən, oturuşmuş müdafiə sənayesi mövcuddur.Bu baxımdan, hesab edirəm ki, Macarıstan gələcəkdə müdafiə sənayesi kompleksinin inkişafı üçün Azərbaycanla əməkdaşlığa xüsusi önəm verə bilər. Qarşılıqlı təcrübə mübadiləsi və hərbi-texniki sahədə genişmiqyaslı əməkdaşlıq imkanlarının sistemli şəkildə müzakirəsi bu sahədə əməkdaşlığı daha da gücləndirə bilər.Eyni zamanda, hərbi-texniki sahədə Azərbaycan ilə Rumıniya arasında da yaxşı əməkdaşlıq imkanları mövcuddur. Hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı səfərlər həyata keçirilir və bu səfərlər hərbi əməkdaşlığın inkişafına müsbət təsir göstərir.Məsələn, 2024-cü ildə Azərbaycanın müdafiə naziri Rumıniyada səfərdə olarkən geniş müzakirələr aparılmışdı. Hazırda isə Macarıstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfər edib və burada bir sıra hərbi müəssisələrdə olub.Bu baxımdan düşünürəm ki, gələcəkdə müdafiə sənayesi kompleksinin inkişafı, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil sahəsində birgə təlimlərin təşkili kimi istiqamətlərdə əməkdaşlıq hər iki tərəf üçün maraqlı ola bilər".
Güllər Gülhüseynova