Sudan BƏƏ-ni ağır ittiham edib, diplomatik əlaqələri kəsib

Tarix: 23:38 07.05.2025
Sudan, Sürətli Dəstək Qüvvələrindən (RİF) olan üsyançılara verdiyi dəstəyə görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, 2023-cü ildən etibarən, artıq iki ilə yaxındır ki, Sudanda vətəndaş müharibəsi davam edir:
“İki general — Daqlo və general Burxan arasında ciddi şəkildə yaşanan konfrantasiya tərəflərin hərbi qarşıdurmasına gətirib çıxarıb. Bu gün Sudan faktiki olaraq parçalanmış vəziyyətdədir və vətəndaş müharibəsinin ağuşundadır. 150 minə yaxın insan ölüb, milyonlarla insan ölkəni tərk edib və hərbi əməliyyatlar hələ də davam edir. Ölkənin iki ən qüdrətli generalları — Burxan və Daqlo — hər ikisi hakimiyyəti ələ keçirmək istəyir. Məsələ burasındadır ki, Sudanın geostrateji əhəmiyyəti, yəni Qırmızı dəniz sahilində yerləşməsi, eləcə də geoiqtisadi əhəmiyyəti — qızıl, qaz və digər mineral resurslarla zəngin olması bu ölkəni müxtəlif dövlətlərin maraq dairəsinə daxil edir. Bu ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Birləşmiş Ərəb Əmirlikləri bunu rəsmi şəkildə etiraf etməsə də, bir çox mənbələrə görə, müharibə başladıqdan sonra Sudandakı Sürətli Dəstək Qüvvələrinə, yəni general Daqlonun qüvvələrinə dəstək verdiyi bildirilir. Bir çox mütəxəssislər də bu fikri səsləndirir ki, BƏƏ məhz general Daqlonun Sürətli Dəstək Qüvvələrini dəstəkləyir. Burada əsas iki məqam var. Birincisi, general Daqlonun Sudanda nəzarəti altında olan ərazilərdən qızıl çıxarılmasıdır. Çünki BƏƏ qızılın alınıb-satıldığı əsas mərkəzlərdən biridir. Afrikadan, o cümlədən Sudandan, uzun illərdir ki, Birləşmiş Ərəb Əmirliklərinə külli miqdarda qızıl ixrac olunur. İkinci faktor isə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında geosiyasi rəqabətdir. Bu rəqabət bir çox regionlarda və ölkələrdə olduğu kimi, Sudanda da özünü göstərir".
Asiman Vəliyeva