Azərbaycanın xarici işlər naziri İraq prezidenti ilə görüşüb

Tarix: 21:04 07.05.2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bağdada rəsmi səfəri çərçivəsində İraq Prezidenti Əbdül Lətif Rəşid tərəfindən qəbul edilib.
Görüş zamanı iki ölkə arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, tərəflər diplomatik və iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə ediblər. Ticarət, enerji, investisiya, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Bayramov və Prezident Rəşid, həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QAM), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) kimi çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Bundan əlavə, nazir Ceyhun Bayramov Azərbaycanın münaqişədən sonrakı dövrdə həyata keçirdiyi yenidənqurma səyləri və regionda davamlı sülhə dair baxışını qarşı tərəflə bölüşüb.
Tərəflər regional sabitlik və inkişafın təmin olunmasında ortaq dəyərlər, qarşılıqlı hörmət və ümumi məqsədlərə əsaslanan ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha bəyan ediblər.
ANEWZ
Güllər Gülhüseynova