Rusiya ordusunda itki

Tarix: 21:08 07.05.2025
Rusiya Hərbi Hava Qüvvələrinin 76-cı qvardiya desant-hücum diviziyasına (Pskov diviziyası) rəhbərlik edən polkovnik Əbdüləziz Şıxabidov Ukraynada öldürülüb.
Məlumata görə, Şıxabidov 76-cı diviziyanın komandiri vəzifəsinə şəxsən Rusiya Prezidenti Vladimir Putin tərəfindən, 2025-ci il martın 10-da təyin edilib.
Mövzu ilə bağlı politoloq Sədrəddin İsmayılov “İnformator.az”a açıqlamasında bunun adi bir hadisə olmadığını qeyd edib:
“Rusiya 76-cı diviziya komandirinin Ukraynada öldürülməsi adi hadisə deyil. Çünki bu həm də Ukraynada ölən Rusiyanın yüksək rütbəli şəxslərinin birincisi də deyil. Təbii ki, müharibədə yüksək vəzifəli şəxslərin öldürülməsi ilə müharibənin gedişinə psixoloji-mənəvi təsirlər olub. Bu baxımdan Şıxabidovun ölməsinin də müəyyən təsiri olacaq. Düzdür, onun yerinə başqası təyin ediləcək, amma bu, müharibənin gedişinin sərtliyini və müharibəni aparan rəhbərlərin təhlükəsizliyinin təmin olunmadığını göstərir. Buna görə də, bu hadisə Rusiya ictimaiyyəti, siyasi rəhbərliyi arasında müəyyən narazılıq yarada bilər. Gələcəkdə Rusiyanın müharibədə iştirak edən generalların, yüksək vəzifəlilərin təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atmasını aktuallaşdırır. Belə şəxslərin müharibədə ölməsi müharibənin gedişinə elə də ciddi təsir göstərmir. Əksinə Rusiya tərəfi belə hadisələrdən təbliğat vasitəsi olaraq istifadə edə bilər. Təbliğat vasitəsi bundan ibarətdir ki, müharibədə təkcə adi əsgərlər, aşağı rütbəli zabitlər, gizirlər, çavuşlar deyil, həm də generallar, hətta diviziya komandiri belə ölə bilir. Digər tərəfdən isə Şıxabidov rus deyil, müsəlmandır. Bu onu göstərir ki, müharibədə ruslar deyil, qeyri-ruslar da Ukraynaya qarşı savaşırlar və daha çox onları müharibəyə cəlb edirlər. Bu da Rusiyada rus olmayan etnik qrupların assimilyasiyası, sıxışdırılması, onlara qarşı aparılan bir siyasətdir. Bu, rusların qorunub saxlandığını və qeyri-rusların isə müharibəyə cəlb olunduğunu göstərir”.
Lalə Qurbanlı