Rusiyanın Cənubi Qafqazda narahatlığı

Tarix: 21:10 07.05.2025
“Son zamanlar NATO-nun Cənubi Qafqaz ölkələri ilə keçirdiyi hərbi təlimlər regionda geosiyasi gərginliyi artırıb. Rusiya bu fəaliyyətləri narahatlıqla qarşılayır" , - bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Mariya Zaxarovanın açıqlamasına görə, sözügedən təlimlər bölgədə təhlükəsizliyi möhkəmləndirmək əvəzinə, əksinə, vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır. Zaxarova bildirib ki, Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan bu cür təlimlərdə iştiraka tənqidi və ehtiyatlı yanaşacaqlar.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, NATO-nun bölgəyə gəlməsi qalıcı hərbi proses kimi gözə görünür və Rusiya da ona görə narahatdır:
“NATO Cənubi Qafqazda Rusiyaya alternativ olmaq niyyətindədir və bunun üzərindən öz siyasətini qurur. Proses göstərir ki, bu gedişat antirusiya cəbhəsinə doğru çevilir. NATO-dan Azərbaycan əleyhinə də müəyyən addımlar görmək mümkündür. NATO üzvü olan Fransa kimi dövlətlər Türkiyə və Azərbaycana təhlükə olur. NATO-nun bölgəyə gəlməsi İranın bölgəsəl maraqlarına da zərbədir. NATO-nun bölgəyə gəlməsi qalıcı hərbi proses kimi gözə görünür və Rusiya da ona görə narahatdır. Amma Azərbaycan bölgədə başqa hərbi qruplaşmanın olmasının əleyhinədir".
Günel Verdiyeva