"Hindistan terror hücumu ilə bağlı əsassız ittihamlar irəli sürür"

Bölmə: Dünya › ,
Tarix: 21:21 07.05.2025

 

Pakistanın Baş naziri Şahbaz Şərif bəyan edib ki, Hindistan 22 aprel tarixində Pahalgam bölgəsində baş verən terror hücumunun məsuliyyətini heç bir sübut təqdim etmədən tamamilə Pakistanın üzərinə atır.

 

Şərif, Hindistanın “Sindoor əməliyyatı”ndan sonra parlamentdə çıxış edərək, ordunun raket hücumlarına “uyğun şəkildə” cavab verdiyini bildirib. O, Hindistanın dünən ölkənin müxtəlif bölgələrinə təxminən 80 hərbi təyyarə ilə hücum etdiyini və “düşmənin qaranlıqda gizlənərək hücum etdiyini” vurğulayıb.

 

Baş nazir bir daha Hindistanın Pahalgamdakı terror aktına görə sübutsuz şəkildə Pakistanı ittiham etdiyini qeyd edib. O, Pakistanın Belucistan Azadlıq Ordusunun (BLA) məsuliyyətini üzərinə götürdüyü və 31 nəfərin həlak olduğu qatar hücumunun arxasında Hindistanın olduğunu və bu barədə əllərində sübutlar olduğunu iddia edib.

 

Şahbaz Şərif həmçinin bildirib ki, Pakistanın silahlı qüvvələri Hindistanın planları barədə öncədən kəşfiyyat məlumatı əldə edib və hücum zamanı “Rafale qırıcıları da daxil olmaqla beş düşmən təyyarəsini və iki pilotsuz uçuş aparatını” vurublar.

 

Baş nazir Pahalgamdakı terror hücumu ilə bağlı “şəffaf” beynəlxalq araşdırma aparılması çağırışı da edib.

 

Hindistanın Pakistana hücumu

 

Hindistan, 22 aprel tarixində Pahalgam bölgəsində 26 nəfərin öldüyü terror hücumuna cavab olaraq 6 mayda Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket hücumları təşkil edib.

 

Hindistan ordusu “terror təşkilatı” kimi təqdim etdiyi 9 hədəfi vurduğunu açıqlayıb. İslamabad isə hücumlarda mülki şəxslərə məxsus 6 məntəqənin hədəfə alındığını və nəticədə 26 nəfərin həyatını itirdiyini bildirib.

 

Pakistan ordusu hücum zamanı Hindistana məxsus 5 qırıcı təyyarəni vurduğunu bəyan etsə də, Yeni Dehli bu məlumatı təsdiqləməyib.

 

TRT XƏBƏR

Günel Verdiyeva