Türkiyə Hindistanın təcavüzü fonunda Pakistanla həmrəy olduğunu bildirib

Tarix: 21:38 07.05.2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib. Məlumata görə, türkiyəli nazir Hindistanın əsassız hərbi təcavüzünə qarşı Pakistanla həmrəy olduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, Hindistan və Pakistan arasındakı müharibələrin əsas səbəbi İngiltərənin 1947-ci ildə Hindistandan çıxarılmasından sonra yaranan Kəşmir məsələsidir:
“Kəşmir əhalisinin təxminən 90%-nin müsəlman olduğu, zəngin yeraltı sərvətlərə və münbit torpaqlara malik olduğu bir bölgədir. Pakistan Kəşmirin öz nəzarətində olmasını istəsə də, Hindistan tarixən bölgəyə öz ərazisi kimi baxır. Kəşmir məsələsi Kəşmirin o vaxtkı hökmdarı Hari Sinqhin Pakistan əvəzinə Hindistana qoşulmağı seçməsi ilə başladı. Bu, 1947-1948-ci illərdə Birinci Kəşmir müharibəsinə gətirib çıxardı və bölgə faktiki olaraq iki yerə bölündü. Birləşmiş Millətlər Təşkilatı referendumun keçirilməsini təklif etsə də, Hindistan bunu qəbul etməyib. Daha sonra 1965 və 1999-cu illərdə Kəşmir üzərində müharibələr başladı. Bu gün Kəşmir məsələsi Hindistan və Pakistan arasında ciddi davam edən gərginlik mənbəyi olaraq qalır. 2025-ci ildə Hindistan terror hücumunu Pakistanda yerləşən Müqavimət Cəbhəsi ilə əlaqələndirdi və daha sonra iki ölkə arasında diplomatik və iqtisadi əlaqələrin kəsilməsinə və müharibə mövqeyinin qurulmasına səbəb olan Hind Suları Müqaviləsini dayandırdı. Pakistan isə bu vəziyyəti “müharibə səbəbi” kimi qiymətləndirib. Xülasə, Hindistan və Pakistan arasında gedən müharibələrin əsasını Kəşmirin hansı ölkəyə aid olması və bölgədəki dini-etik fərqliliklər təşkil edir. Bu məsələ iki ölkə arasında dörd dəfə müharibəyə və davamlı gərginliyə səbəb olub və hələ də həllini tapmayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Kəşmirlə bağlı qətnamələrini gündəmə gətirən və sülhə çağıran Azərbaycan da Pakistanı dəstəkləyib. Pakistan həm Azərbaycanın, həm də Türkiyənin strateji müttəfiqidir. Türkiyədən də hazırki durumda Pakistana yönəlik dəstək bəyanatları verilir. Hindistanla gərginlikdə Pakistana açıq dəstək verən ölkələrdən biri Çindir. Çin Pakistanın suverenliyini dəstəkləyəcəyini və dostluğunu davam etdirəcəyini açıqlayıb. O, həmçinin Pahalqamdakı terror aktı ilə bağlı beynəlxalq araşdırma tələbini dəstəkləyib. Cümə axşamı, mayın 1-də Çinin səfiri Jiang Zaidong Pakistanın baş naziri Şehbaz Şərif ilə görüşüb dəstəkləyən ölkələr sırasındadır. O, həmçinin Pahalqam hücumu ilə bağlı Pakistanın xeyrinə beynəlxalq təhqiqatın aparılmasını tələb edərək, müharibədən daha çox dialoq yolu ilə həll yolunun axtarışını vurğuladı. Malayziya da Pakistanın yanında olan ölkələrdən biridir. Malayziyanın baş naziri Ənvər İbrahim Pakistanın baş naziri Şehbaz Şərifin fikirlərini bölüşüb. Bundan əvvəl Malayziya Hindistanı Kəşmirdə 370-ci maddənin ləğvinə görə tənqid edib.
Həmçinin şərhçi bildirir ki, Hindistan cəbhəsində mühüm müttəfiqlər var:
“Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefonla danışıb və Pahalqam hücumu ilə bağlı başsağlığı verib. Bu görüş Rusiyanın regionda təsirini saxlamaq cəhdi kimi qiymətləndirilir. Hindistanın Rusiyanın mühüm enerji alıcılarından biri olduğu da məlumdur. Hindistan-Pakistan gərginliyi zamanı İsrail Hindistana dəstəyini açıq şəkildə ifadə edib. Pahalqam hücumundan dərhal sonra İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin Hindistandakı səfirliyi, səfir və digər yüksək səviyyəli İsrail liderləri hadisəni pisləyiblər. Netanyahu baş nazir Narendra Modi ilə də görüşərək başsağlığı və dəstək verib. İsrail Hindistana hər cür yardım edəcəyini bəyan edib. İtaliya və Fransa da Hindistanı dəstəkləyən ölkələr sırasındadır. İtaliyanın baş naziri Giorgia Meloni Pahalgam hücumundan kədərləndiyini bildirib və cinayətkarlara qarşı sərt tədbirlərin görülməsinə çağırıb. Fransa prezidenti Emmanuel Makron da Pahalqam hücumundan kədərləndiyini bildirib və Hindistana hər cür yardım edəcəklərini bildirib”.
Aysel Mirzəyeva