İsrail Səna aeroportunu tamamilə dağıdıb-Yəmənin paytaxtında nələr baş verir?

Tarix: 21:45 07.05.2025
Yəmənin “Ənsar Allah” hərəkatına bağlı husilərin nəzarətində olan paytaxtı Sənadakı beynəlxalq hava limanı İsrailin hava zərbələri nəticəsində tamamilə dağıdılıb. Məlumata görə, İsrail təyyarələri əsas sərnişin terminalını və bütün texniki obyektləri hədəfə alaraq məhv edib. Zərbələr nəticəsində hava limanı ərazisində yerləşən bütün mülki təyyarələr də sıradan çıxarılıb.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü və siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail indiyədək regionda əsasən proksi qüvvələr vasitəsilə əməliyyatlar həyata keçirib:
“Xüsusilə Livanda Hizbullaha qarşı atılan addımlar bu siyasətin konkret nümunəsi kimi göstərilə bilər. Hazırkı mərhələdə ABŞ ilə İran arasında nüvə razılaşması perspektivlərinin genişlənməsi İsraili ciddi şəkildə narahat edir. İsrail uzun müddətdir çalışır ki, ABŞ-ni İranla hərbi münaqişəyə cəlb etsin. Bu cəhdlər Bayden administrasiyası dövründə də müşahidə olunurdu, indi isə Tramp dövründə Netanyahunun bu istiqamətdə səyləri davam edir.
Bununla belə, ABŞ üçün prioritet məsələ Çinlə davam edən ticarət müharibəsidir. Bu səbəbdən İranla və ya dünyanın digər bölgələrində hər hansı bir hərbi münaqişəyə qoşulmaq ABŞ-nin maraqlarına uyğun gəlmir. Bu, həm geosiyasi, həm də iqtisadi baxımdan Tramp administrasiyası üçün əlverişli hesab olunmur. Lakin buna baxmayaraq, ABŞ daxilindəki sionist lobbi Trampa qarşı təzyiqlər göstərməyə çalışır. Bu təzyiqlər İsrailin Suriyada nüfuzunu artırmaq, İranla bağlı razılaşmalardan yayınmaq və hərbi müdaxiləyə zəmin yaratmaq məqsədi daşıyır.
Tramp isə bu təzyiqləri neytrallaşdırmaq və əlavə siyasi dəstək qazanmaq üçün sionist lobbinin dəstəyini təmin etməyə maraqlıdır. Onun Qəzza ilə bağlı verdiyi bəyanatlar da bu məqsədə xidmət edir. Amma bu, Trampın sionizmin maraqlarını tam şəkildə prioritet kimi qəbul etməsi anlamına gəlmir. İsrail isə İranın nüvə silahı əldə etməsinin milli təhlükəsizlik üçün ciddi təhdid olduğunu iddia edir və ABŞ-nin İranın nüvə və hərbi obyektlərinə zərbə endirməsini tələb edir".
Siyasi şərhçi əlavə edib ki, Tramp Netanyahunun bu planlarını zərərsizləşdirmək üçün İranla nüvə razılaşmasına getmək istəyir:
“İran da öz növbəsində mövcud təhdidlərdən sığortalanmaq (təhlükəsizliyini təmin etmək) məqsədilə ABŞ ilə razılığa gəlməyə meyillidir. Təbii ki, bu prosesin uğurlu olması hazırkı İsrail rəhbərliyinin – xüsusilə də teokratik rejimin – maraqlarına uyğun deyil. Onlar bu razılaşmanı pozmaq üçün müxtəlif təxribatlara və əməliyyatlara əl atırlar.
Digər tərəfdən, husilər indiyədək ABŞ-nin bölgədəki hərbi obyektlərinə və həmçinin İsrailə qarşı raket hücumları həyata keçiriblər. Lakin bu hücumlar bölgədəki güc balansını dəyişəcək səviyyədə deyil, bunlar daha çox vaxtaşırı təkrarlanan əməliyyatlardır. Hesab edirəm ki, ABŞ və İran arasında münasibətlərin yaxşılaşması, yəni perspektivli razılaşmalar, husilərlə bağlı vəziyyətə də təsir göstərəcək.
Əlbəttə, bütün bu gedişatlar İsrailin maraqlarına uyğun gəlmir. Gələcəkdə yeni təxribatların – istər Suriyada, istər Liviyada, istərsə də digər bölgələrdə – baş verəcəyi də mümkündür. Bununla belə, ABŞ Yaxın Şərqdə, xüsusilə Türkiyə üzərindən formalaşdıracağı siyasətin perspektivlərini də nəzərə alır. Beləliklə, daha uyğun və balanslaşdırılmış siyasət nəticəsində bölgədə müəyyən sabitlik üçün real addımlar atıla bilər".
Aytən Ağazadə