Liviya rəsmiləri yayılan xəbərləri təkzib edir

Bölmə: Dünya › ,
Tarix: 22:27 07.05.2025

Vətəndaş müharibəsi nəticəsində siyasi baxımdan parçalanmış vəziyyətdə qalan Liviyada hakimiyyət orqanları, ABŞ-nin sənədsiz miqrantları bu ölkəyə göndərəcəyi barədə yayılan məlumatları yalan sayır.

 

Reuters agentliyi çərşənbə günü ABŞ-dan Liviyaya deportasiya uçuşlarının başlanacağı ehtimalını gündəmə gətirib. Halbuki əvvəlki məlumatlar Liviyada təhlükəli şəraitin hökm sürdüyünü vurğulayırdı. Liviyanın qərbinə nəzarət edən Milli Birlik Hökuməti bəyan edib ki, onların xəbəri və razılığı olmadan ölkənin miqrantların yerləşdirilməsi üçün istifadə olunması yolverilməzdir. Açıqlamada qeyd olunub: “Milli Birlik Hökuməti ABŞ hakimiyyəti ilə miqrantların Liviyaya göndərilməsi məsələsində heç bir razılaşma və ya əlaqələndirməni qəbul etmir".

 

Şərqi bölgədə nəzarəti əlində saxlayan Xəlifə Haftara tabe olan Liviya Milli Ordusu da bu xəbərləri yalan adlandırıb. Onların fikrincə, miqrantların hava limanları və ya dəniz limanları vasitəsilə ölkəyə gətirilməsi baş verməyəcək.

 

Reuters-in ABŞ rəsmilərinə istinadla yaydığı məlumata əsasən, ABŞ hərbi təyyarələrinin yaxın günlərdə bu məqsədlə Liviyaya uçması mümkündür, lakin planların dəyişməsi istisna edilmir. Miqrantların sayı və hansı ölkələrdən olduqları barədə məlumat verilməyib. Bu təşəbbüs, əvvəlki ABŞ administrasiyasının sərt immiqrasiya siyasətinə uyğun olaraq, sənədsiz şəxslərin üçüncü ölkələrə köçürülməsi istiqamətindəki fəaliyyətlərə daxildir.


Mənbə: Al Jazeera
Qəmər Kazımzadə