Çin və ABŞ 90 gün ərzində tarifləri yüngülləşdirmək barədə razılığa gəlib

Tarix: 20:35 12.05.2025
Çin və ABŞ ticarət münaqişəsinin gərginliyini azaltmaq məqsədilə danışıqları uzatmağı planlaşdırır və qarşılıqlı şəkildə bəzi ticarət tariflərini dayandırmaq qərarını qəbul edib.
İsveçrənin Cenevrə şəhərində iki gün davam edən görüşlərin sonunda iki ölkə birgə bəyanatla çıxış edib. Bəyanatda ABŞ prezidenti Donald Trampın proteksionist iqtisadi siyasətinin yaratdığı tarif gərginliyinə baxmayaraq, aparılan danışıqların konstruktiv keçdiyi bildirilib. Bu razılaşma qlobal bazarlarda müsbət əks-səda doğurub; Honq-Konq, ABŞ və Avropa birjalarında artım qeydə alınıb.
Pekin və Vaşinqton birgə bəyanatda bildirir ki, ikitərəfli iqtisadi və ticarət əlaqələri həm ölkələr, həm də qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır. Onlar qarşılıqlı hörmət, əməkdaşlıq və davamlı ünsiyyət prinsiplərinə sadiq qalmaqla irəliləməyi planlaşdırır.
Razılaşma çərçivəsində ABŞ bəzi mallara tətbiq olunan 24 faizlik əlavə tarifləri 90 günlük müddətdə dayandıracaq, lakin 10 faizlik baza tarifi qüvvədə saxlanılacaq. Çin də eyni şəkildə ABŞ mallarına tətbiq edilən tarifləri azaldacaq və 10 faizlik tarifi saxlayacaq.
Ayrıca, ABŞ administrasiyası aprelin əvvəlində tətbiq etdiyi bəzi tarifləri ləğv edəcək ki, bu da Çindən, o cümlədən Honq-Konq və Makaodan idxal edilən məhsullara təsir göstərəcək. Çin də buna cavab olaraq tarif və qeyri-tarif tədbirlərini dayandıracaq və ya ləğv edəcək.
Hər iki tərəf danışıqların davam etdirilməsi üçün mexanizm yaratmaq barədə razılığa gəlib. Çin tərəfdən danışıqlara Dövlət Şurası baş nazirinin müavini He Lifeng rəhbərlik edəcək. ABŞ tərəfdən isə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qri bu prosesə rəhbərlik edəcək.
Gələcək görüşlərin Çin, ABŞ və ya tərəflərin razılaşdıracağı üçüncü ölkədə keçirilməsi planlaşdırılır. Zərurət olduqda işçi səviyyəsində məsləhətləşmələr aparılacaq. Skott Bessent Cenevrədə keçirilən görüşlərdən sonra bildirib ki, nümayəndə heyətləri arasında qarşılıqlı hörmət mövcuddur və bir sıra məhsullar üzrə tariflər 115 faizə qədər azaldılacaq. Onun sözlərinə görə, tərəflər danışıqların davam etdirilməsində maraqlıdır və tətbiq olunan tarifləri hər iki tərəf mənfi hal kimi qiymətləndirir.
Tramp administrasiyasının başladığı ticarət münaqişələri nəticəsində dünya bazarlarında qeyri-müəyyənlik artmışdı. Lakin son vaxtlar gərginliyin azalması ilə bağlı müsbət əlamətlər müşahidə olunmaqdadır. Çinlə əldə olunan bu razılaşma ABŞ-ın Böyük Britaniya ilə yeni ticarət razılaşması istiqamətində atdığı addımlarla eyni dövrə təsadüf edir.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə