Mini infarkt və simptomları

Tarix: 22:49 12.05.2025
Mini infarkt (keçici işemik atak, TİA) beyinə qısa müddətlik qan axınının pozulması nəticəsində yaranan vəziyyətdir. Bu zaman beyin toxumasına qısa müddətlik oksigen və qida maddələri çatmır, lakin tam zədələnmə olmur və simptomlar 24 saatdan az davam edir. Mini infarktın simptomları insult simptomlarına bənzəyir, lakin daha yüngül olur və qısa müddətə keçib gedir. Buna baxmayaraq, mini infarkt gələcəkdə tam miqyaslı insult riskini artırır və ciddi xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır. Əsas risk faktorları hipertoniya, şəkərli diabet, ürək xəstəlikləri, siqaret çəkmək və yüksək xolesterindir. Erkən diaqnoz və müalicə gələcəkdə daha ağır fəsadların qarşısını almaqda vacibdir.
Mövzu ilə bağlı kardioloq Səbinə Babayeva "İnformator.az"a açıqlamasında bildirib ki, mini infarkt keçirən şəxs çox vaxt bu vəziyyəti ciddiyə almaya bilər, çünki simptomlar daha yüngül olur və tez keçir. Amma bu, daha böyük infarktın xəbərçisi ola bilər:
"Ürəyin işemik xəstəliyinin kəskinləşmə dövrü, yəni kəskin koronar sindromun bir növü də qeyri-stabil stenokardiyadır. Qeyri-stabil stenokardiya ürəyin xroniki işemiyasının kəskinləşməsi nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəlik bir neçə səbəbdən yarana bilər. İlk növbədə, gərginlik stenokardiyası kimi tanıdığımız ürəyin işemiya xəstəliyinin son mərhələsinin ağırlaşması nəticəsində baş verir. Gərginlik stenokardiyasının 4 funksional sinifi vardır. 4-cü funksional sinifin sonradan qeyri-stabil stenokardiyaya keçmə ehtimalı daha güclüdür. Həmçinin, koronar arteriyaların içərisində olan xolesterin piləklərinin dağılmasından sonra yaranan tromboz nəticəsində də qeyri-stabil stenokardiya baş verə bilər".
Ekspert qeyri-stabil stenokardiyanın müayinə üsullarından da danışıb:
"İlk növbədə elektrokardioqrafiya (EKQ) çəkilir. Bu zaman biz mənfi T dalğalarını, ST-depressiyasını və s. görürük. Bu dəyişiklikləri müşahidə etdikdə, növbəti mərhələdə daha ətraflı EKQ edilir. Qan analizlərindən troponin mütləq şəkildə yoxlanılır, laxtalanma sistemini yoxlamaq üçün xəstədən koaquloqramma götürülür. EKQ və exokardioqrafiyada müşahidə olunan dəyişikliklərə əsasən, xəstə koronar angioqrafiyaya yönləndirilir. Koronar angioqrafiya zamanı əgər koronar damarlarda hər hansı bir tıxanma aşkar olunarsa, damarların açılması təmin edilir və keçici işemiya aradan qaldırılır.
İlkin yardım olaraq, xəstənin ilk növbədə elektrokardioqrafiyası çəkilməlidir. Bununla yanaşı, arterial təzyiq və nəbz yoxlanılmalıdır. Əgər ağrı varsa, onu aradan qaldırmaq üçün qısamüddətli preparatlardan, ağrıkəsicilərdən və qan durulaşdırıcılardan istifadə olunur".
Nəzrin Məmmədova