PKK-nin buraxılması xəbəri -Pakistan müsbət qarşılayıb

Bölmə: Siyasət › ,
Tarix: 20:02 13.05.2025

Pakistan PKK-nın buraxılmasını alqışlayıb. Pakistan PKK terror təşkilatının özünü buraxması xəbərini müsbət qarşılayıb.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az" a açıqlamasında bildirib ki, bu, Türkiyə üçün müsbət bir hadisə kimi dəyərləndirilə bilər:

 

"Lakin, bu qərarın təsiri və effektləri üzərində düşünərkən diqqətli olmaq çox vacibdir. Eyforiyaya qapılmaq, bu qərarın müsbət təsirlərini şişirtmək və ya PKK-nın artıq sona çatdığını iddia etmək, əslində reallıqdan uzaqlaşmaq deməkdir. Məsələyə daha geniş perspektivdən baxmaq lazımdır. Öncə Abdullah Öcalan PKK-nın simvolik lideridir. Yəni o, təşkilatın bütün fəaliyyətini idarə edən və qərar verən şəxs deyil. PKK-nın əsas beyin mərkəzi və idarəedici komandası təlimatları birbaşa xaricdən alır. Bununla belə, görünən odur ki, PKK-ya dəstək verən qüvvələr Abdullah Öcalan kartından imtina etməyə tələsmir. Əksinə, Öcalanın çağırışı əsasında mayın 5-7-də qurultay keçirildi və PKK-nın özünü buraxdığı elan edildi. Yəni bununla bir növ həm A. Öcalanın hələ nüfuzunun olduğu mesajı verilir, həm də onun gələcəkdə azadlığa çıxması yolunda zəmin yaradılır. Hətta vəziyyətdən asılı olaraq A. Öcalanın siyasi fəaliyyətləri də gündəmə gələ bilər. Təbii ki, bu, hələlik zəif versiyadır. PKK çoxdan transformasiyaya uğrayıb. Təşkilat sözün əsil mənasında sağ göstərib, sol vurur. Belə ki, PKK 10-15 il öncəyə qədər sadəcə dağlarda silahlı mübarizə aparan bir qruplaşma idi. Daha doğrusu, belə göstərilirdi. Hətta Türk film sektorunda belə, PKK, əldə kalaşnikov tutub dağda gəzən Türk ordusu qarşısında əzilən bir obraz yaratıb. Realda isə Türkiyə PKK ilə mübarizədə minlərlə şəhid verib. Yəni Türkiyənin 30 ildən artıq mübarizə apardığı bir terror təşkilatı ictimayyətə tam tərzi göstərilirdi. Əslində bu da düşünülən plandır. Plana görə isə PKK Türk ictimaiyyətində zəif və əhəmiyyətsiz göstərilir, dağlarda Türk ordusunun başını qatıb, içdən içə Türk cəmiyyətinə sızırdı. Mənə görə, PKK bu gün Türkiyə media sektoruna, siyasətinə, elmi camiəsinə və ordusuna sıza bilib. Yəni PKK bir silahlı qruplaşmadan daha kompleks bir təhlükə halını alıb. Hesab edirəm PKK-nın silahı yerə qoyması müvəqqəti bir şeydir. Siyasi və ideoloji mübarizə davam edəcək. Terror təşkilatı yeni taktikalara və yeni mübarizə üsullarına yiyələnib".


Ayşən Səlimova