Türkiyə Rusiya və Ukraynanı sülhə çağırır

Bölmə: Siyasət › ,
Tarix: 22:11 13.05.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı danışıb.

 

“Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə kimi müzakirələrə töhfə verməyə hazırıq. Müzakirələrə ev sahibliyi etmək bizi sevindirər. Son təmaslarla yeni fürsət pəncərəsinin açıldığını görürük. Ümid edirəm ki, bu dəfə ələ keçirilən fürsət boşa çıxmaz”, – Ərdoğan deyib.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə hələ Ukrayna müharibəsi yeni başlayan zaman tam olaraq səmimi mövqe ortaya qoyub:

 

“Obyektiv yanaşma sərgiləyərək Ukrayna və Rusiya nümayəndə heyətini İstanbulda bir araya gətirməyə nail olub. Həmin görüşdə tərəflər razılaşmaya çox yaxın idilər. Bir sıra məsələlər razılaşdırılıb. Amma sonra Bayden Amerikası və Boris Consonun baş nazir olduğu dövrdə Britaniyanın müdaxiləsi ilə danışıqlar prosesi pozulub. Müharibənin davam etdirilməsi Ukraynaya diktə edilib. Bundan sonrakı mərhələdə isə proses daha gərgin məcraya qədəm qoydu və daha mürəkkəb xarakter alıb.

 

Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqı, Britaniya və demokratların hakimiyyəti dövründə Birləşmiş Ştatlar Ukraynadan bir alət kimi istifadə edərək Rusiyanı zəiflətmək və Putini devirmək məqsədi güdüblər. Bu isə heç bir nəticə verməyib. Əksinə, Ukrayna əraziləri daha çox işğala məruz qalıb və ölkə böyük ərazi itkisinə uğrayıb. Tramp hakimiyyətə gəldikdən sonra fərqli siyasət yürütməyə başlayıb.

 

Birləşmiş Ştatlar Ukrayna ilə bağlı öz maraqlarını təmin edib. Faydalı qazıntılarla bağlı Birləşmiş Ştatların maraqlarını əhatə edən saziş imzalanıb. ABŞ və Rusiya münasibətlərinin normallaşdırılması prioritet seçildiyi üçün Ukrayna ərazilərinin işğalı ilə bağlı əvvəlki dəstək göstərilməyib. Nəticədə Ukrayna çıxılmaz vəziyyətə düşüb.

 

Avropa İttifaqı isə öz maraqlarını ön plana çəkərək Ukraynadan ABŞ və Rusiyaya qarşı təzyiq kartı kimi istifadə etməyə çalışıb. Belə bir şəraitdə yenidən Türkiyənin vasitəçiliyi gündəmə gəlib. Tramp da bildirdi ki, Türkiyə Prezidenti Ərdoğanın vasitəçilik missiyası kifayət qədər önəmlidir və bu prosesdə mütləq iştirak etməlidir.

 

Rusiya Prezidenti Putin də Ərdoğanın vasitəçiliyinə müsbət yanaşdığı üçün görüş yeri olaraq Səudiyyə Ərəbistanı deyil, İstanbul seçilib”.

 

Əli Zülfüqaroğlunun sözlərinə görə, Ərdoğan çalışır ki, obyektivliyini qorusun:

 

“Əvvəlki dövrlərdə olduğu kimi, obyektiv barışdırıcı missiya davam etdirilir. Ona görə də hər iki tərəfə eyni anda müraciət etməklə Türkiyənin tərəfsiz olduğunu və münaqişənin ədalətli həllini üstün tutduğunu nümayiş etdirir. Türkiyənin vasitəçiliyi həm Rusiya, həm Ukrayna, eyni zamanda ABŞ və digər ölkələr tərəfindən qəbul edilir.

 

Türkiyənin indiyədək yürüdüyü siyasət kifayət qədər uğurludur. Bu, həm də hər iki ölkə ilə birbaşa təmas qurmaq imkanları yaradır. Odur ki, Türkiyənin bu rolu üzərinə götürməsi gözlənilməz deyil. Əksinə, münaqişənin nizamlanması ilə bağlı Türkiyənin təsir imkanları nəzərə alınaraq bu addımlar atılır.

 

Bu, uğurlu variantdır. Münaqişənin həlli istiqamətində Türkiyənin vasitəçiliyi digər ölkələrə nisbətən daha uğurlu hesab olunur. Münaqişənin ədalətli həll yolunun tapılması kifayət qədər çətin prosesdir. Münaqişə olduqca gərgin və mürəkkəb xarakter alıb”.

 

 

Ekspert qeyd edir ki, Rusiya tərəfi maksimalist yanaşma sərgiləyir:

 

“ABŞ öz maraqlarını təmin edir, loyal münasibət sərgiləyir. Avropa İttifaqı isə öz maraqlarını üstün tutur. Bu mənzərədə əxlaqlı və obyektiv yanaşma sərgiləyən yeganə dövlət Türkiyədir. Türkiyə bundan sonra da bu istiqamətdə önəmli missiyanı öz üzərinə götürməyə qadir, haqqı çatan və potensialı olan ölkədir.

 

Türkiyə obyektiv, ədalətli mövqe sərgiləməyə çalışacaq. Təbii ki, hər şey Türkiyədən asılı deyil. Çünki Rusiya Ukraynanın böyük ərazilərini işğal edib. Ukrayna isə Rusiyanın de-fakto işğal etdiyi əraziləri de-yure tanımayacağını bildirib. Avropa İttifaqı yalnız Rusiyanın təhlükə yaratmaması üçün Ukraynadan bufer zona və təzyiq aləti kimi istifadə etmək niyyətindədir.

 

Birləşmiş Ştatlar isə faydalı qazıntılarla bağlı saziş imzalamaqla öz məqsədinə çatıb və Ukraynanı çarəsiz vəziyyətdə qoyub. Bu şəraitdə Türkiyənin himayəsi Ukrayna üçün son dərəcə vacibdir. Münaqişə çətin və mürəkkəb proses olsa da, Türkiyənin bu prosesi idarə etmək potensialı kifayət qədər güclüdür”.

 

 


Nuray Əliyeva