Zelenski ABŞ-lə faydalı qazıntılar sazişini ratifikasiya edib

Bölmə: Dünya › ,
Tarix: 21:35 13.05.2025

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazıntılara dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

 

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna və ABŞ arasında faydalı qazıntılar haqqında sazişdə daha çox amerikalıların istəkləri və tələbləri nəzərdə tutulub:

 

“İlkin məlumatlara görə, sazişdə bu bəndlər nəzərdə tutulub. İmza atanlardan biri olmadığım üçün tam dəqiqliyi ilə deyə bilməsəm də, mənzərəni təxminən belə təqdim edə bilərəm. İlk olaraq sazişin idarəetmə bəndindən başlayaq. Rəhbərlik 5 nəfərdən ibarət olmalıdır. Onlardan 3-nü ABŞ təyin edəcək və tam veto hüququna malik olacaqlar. Burada söhbət bütün faydalı qazıntıların idarə olunmasından gedir. Bura neft, qaz və həm mövcud, həm də gələcəkdə kəşf olunacaq yeni yataqlar daxildir. Müqavilə Ukraynanın bütün ərazisini əhatə edir, o cümlədən Rusiyanın işğal etdiyi əraziləri də.

 

Amerikanın həm dövlət, həm də özəl şirkətləri hasilatla məşğul ola biləcəklər. Bütün gəlirlər dərhal xarici valyutaya çevrilməlidir. Xarici valyuta deyəndə ilk növbədə ABŞ dolları nəzərdə tutulur.

 

Əcnəbi mənbələrə görə, fondun maliyyə vəsaitləri də ölkə xaricinə çıxarılmalıdır. Əgər Ukraynanın günahı ucbatından hər hansı bir ödəniş vaxtında həyata keçirilməzsə, Kiyev əlavə ödəniş etməli olacaq. Bu işdə ABŞ-nin töhfəsi, 2022-ci ildən etibarən göstərilən yardımlar və bundan sonra müasir texnologiyalar vasitəsilə həyata keçiriləcək qazıntı işləridir. Amerika tərəfi gəliri birinci alır — fonddan royalti şəklində (+4%). Yalnız bundan sonra Ukrayna gəlir əldə edir. Müqavilə müddətsizdir və dəyişikliklər yalnız ABŞ-nin razılığı ilə mümkündür. Amerikalılar bütün yeni infrastruktur layihələrində birinci seçim hüququna və resursların üçüncü ölkələrə satışına veto hüququna malikdirlər.

 

Rusiya məsələsinə gəldikdə isə, amerikalıların onlarla da buna bənzər bir müqavilə imzalayacaqları barədə məlumatlar yayılmaqdadır. Beləliklə, Tramp həm Ukraynaya, həm də Rusiyaya sərfəli olmayan razılaşmalar imzalatmağa faktiki olaraq nail olub".

 

Çimnaz Telmanqızı