Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Bölmə: Siyasət › ,
Tarix: 22:12 13.05.2025

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Görüş Bakıda baş tutub. 

 

Nazirlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, bu görüş mühüm rola malikdir:

 

“Bildiyimiz kimi Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi-texniki sahədə də sıx əməkdaşlıq mövcuddur. Xüsusilə də Şuşa Bəyannaməsinin imzalanmasından sonra məhz müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha dinamik əhatəli inkişaf etdirilməsi istiqamətində hər iki tərəfin iradəsinin olduğunu gördük. Azərbaycan müstəqilliyinin ilk illərindən Türkiyə ilə hərbi sahədə əməkdaşlıq edib, azərbaycanlı hərbiçilərin, zabitlərin hazırlanmasında Türkiyədə hazırlanması təcrübəsi kifayət qədər əhəmiyyətlidir. Xüsusilə də sonraki dövrdə birgə hərbi təlimlərin keçirilməsi, yüksək səviyyədə hərbi məsləhətləşmələrin həyata keçirilməsi istiqamətində Azərbaycanla Türkiyə arasında geniş hərbi əməkdaşlıq mövcuddur. Xatırladaq ki, 2007-ci ildən Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi məsləhətləşmələr həyata keçirilməkdədir. 2010-cu illərdən sonra isə Azərbaycanla Türkiyə mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Bu da, sözsüz ki, hər iki tərəfin silahlı qüvvələrinin müdafiə qabiliyyətini yüksəldir, döyüş hazırlığını gücləndirir və orduların modernləşdirilməsi istiqamətində də Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının çox böyük rolu var. Qeyd edək ki, Azərbaycanda son dövrlərdə hərbi sənaye sürətlə inkişaf etməkdədir. Azərbaycan hərbi sənayesinin məhsulları artıq dünya sərgilərində, bazarlarında öz yerini tutmaqdadır. Bildiyimiz kimi, artıq son iki-üç ildir ki, Türkiyə ilə də Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq qurulub və inkişaf etdirilir. Bu baxımdan, Türkiyə milli müdafiə naziri Yaşar Gülərin ölkəmizə rəsmi səfər etməsi hər şeydən əvvəl Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Sözsüz ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi-texniki sahədə əməkdaşlıq da regional təhlükəsizliyin təmin olunmasında çox mühüm rol oynayır. Xatırladaq ki, Azərbaycan prezidenti də vaxtilə qeyd etmişdir ki, Azərbaycana qarşı çıxmaq istəyənlər Azərbaycan-Türkiyə əməkdaşlığını nəzərə almalıdırlar. Bu ona dəlalət edir ki, Azərbaycanla Türkiyə arasındaki münasibətlərin xarakteri həm Cənubi Qafqazda təhlükəsizlik mühitinə çox təsirli amil rolunda çıxış edir, həm də iki qardaş ölkə arasında müdafiə-təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməklə, onların həm mümkün kənar təsirlərdən qorunma imkanlarını genişləndirir, həm də, sözsüz ki, Azərbaycan ordusu daim yenilənir, hərbi-texniki cəhətdən daha güclü təmin edilir, düşünürəm ki, Türkiyə kimi yüksək hərbi-texniki üstünlüklərə malik olan dost ölkə ilə sözügedən istiqamətdə əməkdaşlığın xüsusi faydası var. Bu baxımdan, bütün mənalarda bu səfər, sözsüz ki, əhəmiyyətlidir”.

 

Lalə Qurbanlı