Rusiya Ukrayna ilə danışıqlara hazırlaşır

Tarix: 22:16 13.05.2025
Rusiya tərəfi mayın 15-də İstanbulda Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlara hazırlığı davam etdirir. Bunu jurnalistlərə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Rusiya tərəfi cümə axşamı keçirilməli olan danışıqlara hazırlaşmağa davam edir. Hələlik bundan başqa heç nəyi şərh etmək niyyətində deyilik", – o qeyd edib. Mətbuat katibinin sözlərinə görə, Kreml İstanbul danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini prezident Vladimir Putinin "bunu zəruri hesab etdiyi təqdirdə" elan edəcək. V. Putin Kremldə keçirilmiş mətbuat konfransında Moskva və Kiyev arasında danışıqların yubanmadan və ilkin şərtlər olmadan mayın 15-də İstanbulda keçirilməsini təklif edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Rusiya prezidenti iştirak etdiyi mətbuat konfransında Türkiyədə keçiriləcək danışıqlarla bağlı məlumat verib. Rusiyanın bu addımı atmaqda əsas məqsədi ölkəyə olunan təzyiqlərlə bağlıdır:
"Danışıqların Türkiyədə olması təsadüfi deyil. Bəyan edilir ki, 2020-ci ilin martında İstanbulda başlayan proses elə oradaca davam etməlidir".
Politoloqun sözlərinə görə, Rusiya ilə Ukraynanın sülh danışıqları arasında ziddiyyətlər vardır. Rusiya hesab edir ki, öncə danışıqlar aparılmalı, sonra atəşkəs imzalanmalıdır. Ukrayna isə tam əksini iddia edir – öncə atəşkəs imzalanmalı, sonra danışıqlar aparılmalıdır:
"Ukrayna ilk növbədə 1 aylıq atəşkəsin imzalanmasını istəyir. Türkiyədə danışıqlar aparılsa belə, fikrimcə, atəşkəs imzalanmayacaq, çünki hər iki tərəfin məqsədi fərqlidir".
Aygün Babayeva