ABŞ və Səudiyyə Ərəbistanı razılığa gəlib

Tarix: 22:22 13.05.2025
ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanının ABŞ-a texnologiya tərəfdaşlığı və 142 milyard dollarlıq silah satışı daxil olmaqla ümumilikdə 600 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Ağ Ev yaydığı məlumatda enerji və mineral emalı kimi sahələrdə əməkdaşlığın da əhatə olunduğu bu razılaşmanın iki ölkə arasında ən böyük silah sövdələşməsi olduğu bildirilir. Sənəddə bu razılaşmaların hər iki ölkə üçün tarixi əhəmiyyət daşıdığı və ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoyduğu vurğulanır.
Pakt iki ölkə arasında iqtisadi və hərbi əlaqələrin daha da dərinləşdiyini göstərir və bu proses həm Respublikaçı, həm də Demokrat prezidentlər dövründə illərlə davam edən siyasətin davamı kimi qiymətləndirilir. Tramp həmin gün Yaxın Şərq turunun bir hissəsi olaraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib və prezident kimi ikinci müddətində ilk böyük beynəlxalq səfərini reallaşdırıb. Səfər çərçivəsində onun Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də baş çəkəcəyi gözlənilir.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə