İranın yanında kim dayanıb?

Tarix: 14:45 19.06.2025
İrana hücum fonunda III Dünya müharibəsinin başlanacağı haqda fikirlər irəli sürülsə də, bunun olması ehtimalı zəifdir. Dünya müharibəsinin baş verməsi üçün ittifaq ölkələrinin üz-üzə dayanması lazımdır. Ki, bu müharibədə ABŞ-İsrail cəbhəsi qarşısında rejimdən savayı heç bir qüvvə dayanmır, hətta İran daxilində belə monolit mövqe yoxdur.
Mövzu ilə bağlı “İnformator.az”a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirir ki,Dünya yeni bir dünya müharibəsinə hazır deyil:
“Çünki, hazırda 1945-ci ilə qədər olan vəziyyət deyil. Öncəliklə nüvə silahına sahib ölkələrin sayı artıb. Bu savaş baş verərsə, nəticəsini düşünün. Bir-birinə qarşı duracaq tərəflər nüvəyə sahib olacaqlar. Bu silahdan da ilk və yeganə istifadə edən Amerika olub. 1945-ci ildə Yaponiyanın iki şəhərinə atılan atom silahının fəsadları bu gün də davam edir və dünya bunu bilməyəsi deyil. Onun üçün də hazırda heç bir güc III dünya müharibəsinin baş verməsini arzulanmır. Xüsusilə, İsrail-İran savaşının növbəti bir dünya müharibəsinə çevrilə biləcəyi indiki zamanda real görünmür. Ona qalsa, Rusiya-Ukrayna arasındakı irimiqyaslı müharibə III dünya savaşına çevrilərdi. Halbuki, orada dünyanın nəhəngləri bu və ya dolayısı ilə Ukrayna tərəfində olduqlarını bəyan edirlər, öz dəstəklərini nümayiş etdirirlər”.
Siyasi şərhçi İranı təcrid etmə cəhdinin uğurlu olacağını düşünmür:
“Doğrudur, İsrail İrana ağır zərbələr vurdu, dövlət imicini xeyli aşağı saldı. Amma cavabını da gördü. Yaranan İsrail mifi yerlə-yeksan oldu. Bunu aradan qaldırmaq üçün ABŞ sona qədər İsraili tətikləyəcək, dəstəyini göstərəcək. Amma İranı təcridetmə siyasəti indiki vaxtda uğur qazana bilməyəcək deyə düşünürəm. Bu qarşıdurma da o qədər uzun vaxt sürməyəcək. Başqa dövlətlər sadəcə bəyanatdan o tərəfə getməyəcəklər. Necə ki, son bir həftədə bunun şahidi olmaqdayıq. Bu savaşın müsbət nəticələrindən biri Fələstinlə bağlı ola bilər. Fələstin nəhayət bir qədər rahat nəfəs ala biləcək. Digər Yaxın Şərq ölkələri də müəyyən qədər dividentlər əldə edəcəklər. Xüsusilə, Bəşər Əsədin gedişindən sonra hazırda qurulmaqda olan yeni Suriya. İranın təklənməsinə gəlincə, tam şəkildə təkləndiyini demək olmaz. Doğrudur, İrana qarşı sərt bəyanatlar verilib, xüsusilə, savaş başladığı gün BMT-dəki təcili toplantıda İranı “ağ yuyub, qara səriblər”. Amma bundan o tərəfə doğru son 7 gündə heç bir addım atılmayıb. Cənub qonşumuz da bu savaşın tez bitməyini istəyir, bir də məğlub tərəf kimi görünməmək üçün sona qədər cəhdlərini edir. Bu da təbiidir”.
Aysel Mirzəyeva