Yayda uşaqları günvurmadan necə qorumalı?

Tarix: 20:26 19.06.2025
Yay günlərində uşaqları günvurma riskindən qorumaq üçün valideynlər diqqətli olmalıdır. Hamilə qadınların, yaşlı insanların və uşaqların orqanizmi temperatur dəyişikliklərinə qarşı adaptasiya olmaqda daha çox çətinlik çəkir. Xroniki xəstəliyi olan bəzi insanlar da isti havalarda ehtiyatlı olmalıdır.
Bu məsələ ilə bağlı həkim Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki, günvurma əsasən ultrabənövşəyi şüaların və günəş yanıqlarının təsiri nəticəsində baş verir:
“İstivurma— orqanizmin termorequlyasiya, yəni istilik tənzimləmə mexanizminin pozulması nəticəsində baş verir. Normal şəraitdə insan orqanizmi 36–37 dərəcə temperatur diapazonunda həyati funksiyalarını yerinə yetirir. Bu göstəricidən aşağı temperaturda soyuma, yüksək temperaturda isə biokimyəvi proseslərin pozulması müşahidə olunur. Yüksək temperaturda zülallar pıxtalaşır, qanın qatılığı artır və digər funksional pozuntular baş verir.
Orqanizmin temperaturu sabit saxlamaq üçün bir sıra kompensator mexanizmləri mövcuddur. Məsələn, ətraf mühitin temperaturu 40–50 dərəcə olduqda orqanizm öz daxili temperaturunu normada saxlamaq üçün müxtəlif müdafiə reaksiyalarını işə salır: dəri damarları genişlənir, tər ifrazı artır, ağciyərlər vasitəsilə isti hava bədəndən xaric edilir. Bu yollarla bədən istiliyi aşağı salınır və daxili mühitin sabitliyi qorunur. Lakin bu kompensator mexanizmlər uzun müddət işlək vəziyyətdə qala bilmir. Onlar tükəndikdən sonra bədən temperaturunu sabit saxlamaq mümkün olmur və bu da istivurma vəziyyətinə gətirib çıxarır.
Günvurma isə əsasən ultrabənövşəyi şüaların və günəş yanıqlarının təsiri nəticəsində baş verir. Hər iki halda xəstəyə dərhal tibbi yardım göstərilməlidir. Xəstə isti mühitdən dərhal sərin və kölgəli yerə aparılmalı, baş nahiyəsinə soyuq, yaş dəsmal qoyulmalı, bədəni yaş dəsmalla silərək soyutmaq lazımdır, həkim çağırılmalı, ehtiyac olarsa təcili tibbi yardım göstərilməlidir.
İstivurma ağır hallarda şok, orqan çatışmazlığı və hətta ölüm ilə nəticələnə bilər. Xüsusilə uşaqlar risk qrupuna daxildir, çünki onların su ehtiyatı (su tutumu) az olduğundan, yüksək temperaturda uzun müddət qalmaq imkanları məhduddur. Zamanında görülən tədbirlər müsbət nəticə verə bilər, lakin gecikmiş müdaxilə geri dönməz fəsadlara səbəb ola bilər".
Xədicə Məhərrəmli