“BP ilə əməkdaşlıq Azərbaycanın enerji sektorunun inkişafında əsas rol oynayır"

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:49 19.06.2025

Azərbaycan BP şirkəti ilə karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri üzrə əməkdaşlığı müzakirə edib. Bakı Enerji Həftəsi çərçivəsində əldə olunmuş yeni razılaşmaların, iki tərəf arasında strateji tərəfdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi qeyd olunub.

 

Bu barədə "İnformator.az" saytına açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib ki, BP ilə Azərbaycanın uzunmüddətli əməkdaşlığı ölkənin enerji sektorunda lokomotiv rolunu oynayıb:

 

"Bu tərəfdaşlıq 30 ildən artıqdır ki, davam edir və Azərbaycanın iqtisadi inkişafının təməlini təşkil edir.

Azəri-Çıraq-Günəşli yatağının işlənməsi, ‘Əsrin müqaviləsinin’ imzalanması və digər layihələr BP-nin fəal iştirakı ilə həyata keçirilib. BP burada hərəkətverici qüvvə olub. Azərbaycan artıq bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir və bu sahədə mühüm investisiya layihələri həyata keçirilir.

2030-cu ilə qədər yaşıl enerjidən istifadənin ciddi şəkildə artırılması planlaşdırılır. Məqsəd enerji balansında bu mənbələrin payını artırmaqdır. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir və bu ölkələrin sayının artacağı gözlənilir".

 

Ayan Əsgərova