Təhsilalanların transfer məsələsi -Şərtlər

Tarix: 23:24 15.07.2025
Təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr üçün elektron sənəd qəbulu başlayıb. Tələbələr portal.edu.az saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaradaraq “Təhsilalanların köçürülməsi” elektron xidmətinə müraciət etməlidirlər. Müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq. Sənədlər sistemə elektron şəkildə yüklənməli və məlumatlar tam, dəqiq olmalıdır.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, tələbələrin köçürülməsi, yəni transfer məsələsi ilə bağlı ali təhsil müəssisəsi portal.edu.az vasitəsilə həyata keçirilir:
"Normativ müddətdə oxuyanlar (son kurs istisna olmaqla), digər tələbələr köçürülmə üçün müraciət edə bilərlər. Təhsil proqramı üzrə kreditlərin ən azı 50 faizini toplamış tələbələr olmalıdır. Burada bir çox müəyyən şərtlər də var.
Əvvəl bakalavrlardan danışaq.
Bakalavrlar üçün əsas şərtlərdən biri – qəbul imtahanında topladığı bal, dəyişmək istədiyi ixtisasın minimum keçid balından az olmamalıdır. Məsələn, hüquq ixtisasında oxuyuram və 534 balla hər hansı universitetə qəbul olmuşam. Əgər mən hüquq üzrə başqa universitetə transfer olunmaq istəyirəmsə, mütləq şəkildə balım 534-dən az olmamalıdır.
Tədris dili də əvvəlki dillə uyğun olmalıdır. Məsələn, mən rus sektorundayamsa, Azərbaycan sektoruna köçürülə bilmərəm.
Subbakalavrlar – yəni imtahansız qəbul olunanlar – diplomun ortalamasına əsasən qəbul olunduqları üçün onlar da eyni qaydada dəyərləndirilirlər. Normativ müddətdən artıq oxuyanlar və kreditlərin yarısını toplamayan subbakalavrlar transfer edə bilməzlər. Həmçinin, sonuncu kursda olan subbakalavrlar da köçürülə bilməz. Ümumiyyətlə, subbakalavrlar yalnız öz universitetləri üzrə, ixtisas daxilində (əyani/qiyabi) transfer edə bilərlər.
Magistratura üzrə şərtlər: yalnız öz ixtisasları üzrə köçürülmək mümkündür. Magistratura pilləsində ixtisas dəyişmək mümkün deyil. Məsələn, mən marketinq üzrə oxuyuramsa, kompüterlə bağlı ixtisasa keçə bilmərəm. Burada da qəbul imtahanında topladığı bal, köçürülmək istədiyi yerin keçid balından az olmamalıdır. Yəni balım 40-dırsa, 60 bal tələb olunan yerə transfer edə bilmərəm. Normativ müddətdən artıq oxuyan magistrlər də köçürülə bilməzlər.
Xarici ali təhsil müəssisələrinə köçürülmə isə beynəlxalq imtahan nəticələri və universitetin beynəlxalq reytinqi əsasında qiymətləndirilir. Məsələn, attestatla qəbul olunanlar – Türkiyə, Polşa, Rusiya kimi ölkələrdə – həmin universitetlərə bu formada transfer edə bilməzlər.
Tələb olunan sənədlər:
Təhsil haqqında arayış (akademik transkript – oxuduğu müddət ərzində aldığı qiymətlər);
Ağ bilet (oğlanlar üçün hərbi bilet);
Şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin surəti;
Yaşayış yeri haqqında arayış (əgər ünvan dəyişilibsə);
Nigah şəhadətnaməsi (ailə qurubsa);
Xəstəlik arayışı (zərurət olduqda).
Bütün sənədlərdə imza, tarix və möhür mütləq olmalıdır. Xaricdən gələn tələbələr isə sənədləri mütləq şəkildə təsdiqlətməlidirlər.
Müraciətdən sonra təsdiqləmə mütləqdir – təsdiqləndikdən sonra geri dönüş yoxdur, yəni sən müraciət edib təsdiqləmisənsə, artıq dəyişə bilməzsən.
İxtisas qrupu uyğunluğu vacibdir. Məsələn, mən birinci ixtisas qrupundan kimya mühəndisliyinə qəbul olmuşamsa, üçüncü qrup ixtisası olan jurnalistikaya transfer edə bilmərəm. Yalnız eyni ixtisas qrupu üzrə transfer mümkündür. Bu, bakalavr pilləsinə aiddir.
Orta ixtisas təhsili – yəni kolleclər üzrə köçürülmə: normativ müddətdə oxuyanlar (son kurs tələbələri istisna olmaqla) transfer edə bilərlər. Burada da əsas qayda – tələbə kreditlərin 50 faizini toplamış olmalıdır.
Əlavə şərtlər: Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanında topladığı bal, köçürülmək istədiyi kollec üzrə minimum keçid balından az olmamalıdır. Məsələn, mən 70 balla kollecə qəbul olmuşamsa, 71 və daha yuxarı balla tələbə qəbul edən yerə transfer edə bilmərəm.
Kimlər köçürülə bilməz?
Normativ müddətdən artıq oxuyanlar;
Kreditin yarısını toplamayanlar;
Subbakalavrlar (xüsusilə sonuncu kursda olanlar).
Xüsusi qabiliyyət tələb edən ixtisaslar – məsələn, xanəndəlik, musiqi müəllimi, rəqs və s. üzrə – buraxılış və qabiliyyət imtahanlarının nəticəsi mütləq şəkildə nəzərə alınır.
Dövlət hesabına oxuyanlar ixtisas dəyişirsə, məsələn, jurnalistikadan filologiyaya keçirsə, yalnız ödənişli əsasla oxuya bilər. Amma eyni ixtisas üzrə transfer edirsə və balı da kifayət edirsə, dövlət hesabı saxlanılır. Əgər əvvəl ödənişli oxuyursa, heç vaxt ödənişsiz yerə transfer edə bilməz.
Əvvəllər transfer transfer.edu.az vasitəsilə həyata keçirilirdisə, indi artıq bu sayt yoxdur. Yalnız portal.edu.az vasitəsilə köçürülmə mümkündür".
Nigar Həsənzadə