Təhlükəli infeksion xəstəliklərin profilaktikası artıq gözəllik xidməti sferasında

Bölmə: Sosial › ,
Tarix: 14:20 17.07.2025

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşən bu layihə çərçivəsində 16 iyul tarixində “Bilgi” Peşə Tədris Mərkəzində “Gözəl ol və sağlam qal!” devizi altında təlim keçirilib.

Tədbiri giriş sözləri ilə açan peşə tədris mərkəzininnümayəndəsi Fidan Cahangirova qonaqları və iştirakçıları salamlayaraq “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirmə təşəbbüslərinin önəmliyini diqqətə çatdırıb.

Növbəti çıxışçı “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-in sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə təlimin keçirilməsi üçün yaradılan şəraitə görə tədris mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O, layihədən danışarkən deyib, “Əsas məqsədimiz gözəllik xidməti göstərilən məkanlarda xroniki virus hepatitləri, İnsan İmmunçatışmazlığı Virusu (İİV) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini yaradan səbəblər barədə aidiyyəti peşə sahiblərini maarifləndirməkdir. Belə məkanlarda İİV və virus hepatitlərinə yoluxma riski adətən steril olmayan alətlərlə dərini və ya selikli qışanı zədələdikdə yarana bilir. Vərəm isə hava-damcı yolu ilə yayılan xəstəlik olduğundan qapalı, yaxşı havalandırılmayan məkanlar, müvafiq baxım prosedurları zamanı qoruyucu vasitələrdən istifadə etməmək yoluxma riskini artırır.”

“Önləyici profilaktik tədbirlər yeni yoluxmaların qarşısını almaqda mühüm rol oynayır. Belə ki, zamanında verilən bilgilər aidiyyəti peşə sahibləri ilə yanaşı, onların xidmətlərindən bəhrələnəcək yüzlərlə şəxslərin sağlamlığını qorumağa yönələn təşəbbüsdür” – deyə Z. Nəbiyeva bildirib.

Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS, xəstəliklərin kliniki gedişatı, yoluxma yolları, qorunma qaydaları və profilaktik qabaqlayıcı tədbirlər, eləcə də gözəllik salonlarında də­ri­ni zə­də­ləyə bi­ləcək ma­ni­pulya­siya alət­lə­rinin de­zin­fek­siya və ste­ri­li­zasiyası, alətlərin mexaniki təmizlənmə qaydaları barədə vacib məqamları iştirakçılara çatdırıb. Deyilənlərlə bağlı animasiya çarxı nümayiş olunub.

Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla tibbi elmlər üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin zamanında aşkarlanıb müalicəyə cəlb olunmasının önəmliyini vurğulayıb. ”Vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbədir. Bu, müalicəsi mümkün olmayan vərəm formalarının yaranmasına gətirib çıxarır” – deyə M. Qaraxanova qeyd edib.

Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və işçilərin qoruyucu vasitələrdən düzgün istifadə qaydaları barədə məlumatlar təlim iştirakçılarına çatdırılıb.

Sonda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri paylanıb.

İştirakçılar mövzularla bağlı maarifləndirici bukletlər və kitabçalarla təmin edilib.

Profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə “Bilgi” Peşə Tədris Mərkəzi xüsusi dizaynla hazırlanmış,viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, “Əllərinizi yuyun” adlı A3 ölçüdə stikerlər və digər çap materialları təqdim olunub.

 

 



Bölmədən digər xəbərlər
Təhlükəli infeksion xəstəliklərin profilaktikası artıq gözəllik xidməti sferasında
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.