Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib

Tarix: 22:40 16.05.2025
Üzeyir Hacıbəylinin ev-muzeyində görkəmli bəstəkar, Xalq artisti Rauf Hacıyevin 103 illiyi münasibətilə kitab təqdimatı keçirilib.
Muzeydən "İnformator.az"a bildirilib ki, “Rauf Hacıyevi düşünərkən” adlı kitabın müəllifi musiqişünas və sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarovadır.
Tədbirdə çıxış edən muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov Rauf Hacıyevin zəngin yaradıcılıq irsi, Azərbaycan musiqisindəki rolu və ölkənin mədəni həyatındakı əvəzsiz xidmətlərindən söhbət açıb. O, bildirib ki, Üzeyir bəy irsinin Rauf Hacıyev kimi bəstəkarların formalaşmasında oynadığı mühüm rolu böyükdür.
Kitabın müəllifi Humay Fərəcova-Cabbarova nəşrin yazılma tarixi, ideyası və əhəmiyyəti barədə danışıb. O, Rauf Hacıyevin sənətinə duyduğu dərin ehtiramı və bu kitab vasitəsilə onun irsini gələcək nəsillərə çatdırmaq məqsədini vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, musiqişünaslar Zümrüd Dadaşzadə, Ülkər Talıbzadə, kitabın redaktoru Aytən Oqtayqızı, Azərbaycan Milli Konservatoriyasının professoru Akif Quliyev, bəstəkar Məmmədağa Umudov, saksafon ifaçısı Rafiq Seyidzadə, Əməkdar incəsənət xadimi Natəvan Şeyxova, bəstəkarın ailə üzvləri və digər şəxslər bəstəkarla bağlı xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Rauf Hacıyevin musiqi əsərləri səsləndirilib.