Tarixin canlı şahidi olan Paris Notr-dam kilsəsi

Tarix: 14:04 23.05.2025
Teatr təkcə səhnədə canlandırılan əsərdən ibarət deyil, teatr aktyor ilə tamaşaçı arasındakı səssiz dialoqdur. O səssizlik isə sonda xoş alqış səsləri ilə pozulur və bu da aktyorlara olan sevginin, təşəkkürün göstəricisidir.
Bunları yazmaq nə qədər xoşdursa, teatrda olmaq və bu hissləri canlı yaşamaq insanın mənəvi aləminə bir o qədər də xoş təsir bağışlayır. Bu hissləri yaşaya biləcəyim tamaşalardan biri də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnələşdirilən “Paris Notr-dam kilsəsi” idi. Tamaşanın rejissoru Samir Qulamovdur, ideya isə Əliqismət Lalayeva məxsusdur.
İlk olaraq əsərin yaranması ilə bağlı tarixə kiçik səyahət edək. Mədəni irs bir xalqın varlığının sübutudur. Tarixən qorunub və bu günümüzə qədər gələn memarlıq abidələri həmin xalqın tarixinin səfiridir.
15 aprel 2019-cu ildə Notr-Dam kilsəsi yandı. Böyük bir tarixə şahid olan abidə külə çevrildi. Janna Darka bəraət verən, Napoleonun tacqoyma mərasiminin keçirildiyi, uzun illər qorunub saxlanılan kilsə bir neçə saat ərzində alovlar içərisində qaldı. Paris sakinlərinin göz yaşı belə onu söndürə bilmədi, Notr-Dam yandı. Şərəfinə Parisdəki bütün kilsələrin zəngi bir andaca çalındı. Kilsə 19-cu əsrdə sökülmə təhlükəsi ilə üzləşirdi. Hətta Fransa inqilabı zamanı kilsəyə hücumlar olurdu. Səbəb isə kilsənin kral hakimiyyətinin simvolu olması idi. Belə bir zamanda kilsəyə marağın artması üçün dövrün məşhur yazıçısı Viktor Hüqo 1831-ci ildə “Notr-dam Paris” əsərini yazır. Viktor Hüqo bu əsərlə 15-ci əsr Fransasını təsvir edir. Niyə məhz bu dövr? Çünki məhz bu dövrdə insanlar az da olsa, fikirlərində azadlıq düşünürdülər, onların mövcud olan dini inancları azalırdı, intibaha doğru gedən xalq gec də olsa , azadlığa qovuşacaqdı. Viktor Hüqoya görə bir xalqın tarixini yazarkən təkcə xronika kifayət etmir, bəzən təxəyyül də lazım gəlir, ancaq reallıqdan kənara çıxmamaq şərti ilə
əsər kilsəyə olan ictimai marağı artırdı. Zamanla ona ssenarilər ithaf olundu. Əsəri Azərbaycan dilinə tərcümə edən Yusif Vəzir Çəmənzəminli olub və dilimizə uyğunlaşdırılaraq “Paris Notr-dam kilsəsi” adlandırılıb.
Tamaşada əsərdə də göstərildiyi kimi 3 obraz əsas roldadır. Bunlar Kvazimoda, Klod Frollo və Esmeralda idi. Tamaşa Fransa əhalisinin təşviş içində olması, azadlıq axtarışında olan insanların kilsə qorxusuna görə gizlənməsi səhnəsi ilə başlayır. Tamaşanın ilk hissəsində biz səhnədə boş-boş danışan təlxəkləri, həyatları günəmuzd keçən insanları görürük. Əsas hissə isə avam xalqın yığıncaq təşkil edib bir adamı “ən eybəcər olanı” təlxəklər kralı seçməsi idi. Bəli, ən eybəcər olanı. Səhnəyə anidən daxil olan Kvazimoda isə həmin adın sahibi oldu. Qozbel və olduqca vahiməli bir personaj olan Kvazimodanı aktyor Nicat Əli canlandırır. Rejissor burada obrazın fiziki eybəcərliyi ilə dövrün real eybəcərliyini qarşı qarşıya qoyub. Obrazın səhnəyə daxil olması ilə insanların vahiməyə düşdüyünü onların simasından aydın görmək olurdu. Hətta səhnənin bir hissəsində artıq düşünməyə başlayırdım ki, Kvazimoda elə realdır. Düşünürəm ki, bu aktyorun obraz ilə yaratdığı vəhdətdən doğur. Təbii ki, burada səhnə qrimi də önəm daşıyır. O, kilsə idarəçisi Klod Frollonun övladlığıdır və illər öncə onu kilsə qapılarına buraxıb tərk ediblər. Biz tamaşanın əvvəlində Kvazimodanı kilsə qaydalarına tabe olan biri kimi tanıyırdıqsa, tamaşanın sonunda onu azadlığı və Esmeraldaya olan sevgisi uğrunda mübarizə aparan biri kimi görürük. Esmeralda gənc və şıltaq qız olması ilə yanaşı, həyatı iztirablarla keçən qadın obrazını təcəssüm etdirir. Bu obrazı canlandıran Mehriban Zaliyeva idi. Onun tamaşa boyu etdiyi rəqslər bu obraz üçün nə qədər əmək sərf etdiyini göstərir. Tamaşanın ən tük ürpədici hissəsi isə Esmeraldanın öz əli ilə ölüm ayağında olan Kvazimodaya su verdiyi səhnə idi. Həm giriş, həm final hissədə olan musiqi keçidləri, mahnılar yüksək peşəkarlıqla ifa olunurdu. Bu işdə xor rəhbərinin və dirijorun əməyi danılmazdır. Musiqi və aktyorların sintezi sözün əsl mənasında səhnə dili bütün tamaşaçılara tamaşa boyunca müxtəlif duyğular yaşatdı. Dövrün eybəcərliyini bizə göstərən Nadir Xasıyevin canlandırdığı Klod Frollo obrazı idi. O, kilsə keşişi idi. Klodun Esmeraldaya olan mənəvi düşgünlüyü olduqca təsirli alınıb. Viktor Hüqo bu obrazı yaratmaqla əslində o dövrün gerçəkliyini önə çıxardıb. Baş verən bu proseslərə biganə qalmayan, daima azadlıq düşkünü olan Pyer Qrenquar obrazına can verən isə Emin Zeynallı oldu. Tamaşanın maraqlı hissəsi isə Qrenquarın insanlara azadlıqla bağlı fikirlər səsləndirdiyi zaman hər kəsin bir ağızdan “biz halımızdan məmnunuq” deməsi oldu. Tamaşada digər maraqlı məqam isə kilsə zənginin çalınması idi. Həqiqətən də , səhnə dizaynı tamaşanın insanlara çatdırılmasında füsunkar rol oynadı. Hətta eybəcər və qozbel Kvazimodanın bu kilsə zənginə görə kar olduğu da deyilir. Əhali onu lal və kar olaraq tanıyır. Məni təsirləndirən səhnə isə Kvazimodaya “sən də cəmiyyət kimi lal və karsan” deyən təlxəyin əslində özünün də cəmiyyətin fərqində olması idi. Tamaşada kitab çapı ilə bağlı bir məqam da diqqətimi çəkdi. Burdan isə anlaşıldı ki, kral və kilsə bir birinə əks siyasət yürüdür. Kral çap maşınından istifadəni əhali üçün uyğun görsə də , kilsə buna razı olmur, çünki əhalinin vərəqələri çap edib azadlıq fikirlərini yaymasından ehtiyat edir. Zamanın ən böyük qorxusu olan azadlıq bu tamaşada olduqca məharətlə vurğulanıb. Əsərin sonluğu ilə bağlı isə deyə bilərəm ki, hər kəs bu tamaşanı izləməli və peşəkar səhnə tamaşasının həzzini yaşamalıdır.
Fransanın simvolu sayılan Paris Notr-dam kilsəsinin yanması ilə bağlı tamaşanın Azərbaycanda səhnələşdirilməsi, həmçinin kilsənin yenidənqurma prosesinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi verməsi bir daha Azərbaycanın daim başqa xalqların tarixinə və mədəniyyətinə sonsuz hörmətindən xəbər verir. Tamaşanın sonunda isə bu nüansa fokuslanılması mənim tamaşanın əvvəlindəki qərəzli fikirlərimi alt-üst etdi. Baxmayaraq ki, Azərbaycanın bir vaxtlar işğal altında olan məscidlərində işğalçı qüvvə olan ermənilər donuz saxlayır, hətta Fransa ermənipərəst siyasət aparır. Biz isə dünya tarixinə hörmət edirik və bizim fərqimiz də budur.
Yazdıqlarımla tamaşa haqqında, həmçinin o dövr Fransası haqqında az da olsa. fikirlərimi bölüşdüm. Azadlıq, demokratiya axtarışında olan, intibah dövrünə qədəm qoyan 15-ci əsr Paris xalqı… Sonda isə fikirlərimi məşhur fransız yazıçısı Jan Jak Russonun aforizmi ilə bitirmək istəyirəm.
“Gerçək demokratiya heç bir zaman var olmamışdır və olmayacaq da”.
Nuranə Quliyeva