Mərakeşdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində konsert proqramı təşkil olunub

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:18 23.05.2025

“Konstitusiya və Suverenlik İli” münasibətilə Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin təşəbbüsü ilə Rabat şəhərində möhtəşəm konsert proqramı təşkil olunub. 

 

"İnformator.az"ın məlumatına görə, tədbirdə 100-dən artıq yerli və xarici qonaq iştirak edib. 

 

Konsertdə Azərbaycanın tanınmış musiqiçiləri - tar ifaçısı, Əməkdar artist Sahib Paşazadə və nağara ustası, Əməkdar artist Kamran Kərimov çıxış ediblər. Onların ifasında səslənən muğam və ritmik kompozisiyalar qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Konsert Azərbaycan musiqisinin zəngin ənənələrini nümayiş etdirməklə yanaşı, milli mədəniyyətimizin və incəsənətimizin beynəlxalq müstəvidə təbliği baxımından da mühüm əhəmiyyət daşıyıb. Qonaqlar tədbirin yüksək səviyyədə təşkilini və təqdim olunan proqramı yüksək dəyərləndiriblər.


Tədbirdə çıxış edən Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov bu əlamətdar ilin ölkəmizin müasir tarixində iki əsas sütuna – 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya və 2020-ci ildə bərpa edilmiş ərazi bütövlüyü ilə möhkəmlənmiş dövlət suverenliyinə həsr olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan bu gün güclü, vahid və gələcəyə inamla irəliləyən bir dövlətdir. Səfir çıxışında, həmçinin Azərbaycan və Mərakeş arasında mövcud olan isti münasibətlərdən, qarşılıqlı hörmətə və mədəni əməkdaşlığa əsaslanan dostluqdan bəhs edib. Mədəniyyətin, xüsusilə musiqinin xalqları birləşdirən körpü rolunu oynadığını qeyd edən diplomat bu konsertin də ölkəmizin zəngin mədəni irsinin tanıdılmasına mühüm töhfə verəcəyini bildirib.