İran İsrailə xəbərdarlıq etdi

Tarix: 20:03 23.05.2025
İran İsraili istənilən tələsik addımlardan çəkindirməklə xəbərdar edir və bəyan edir ki, onun etdiyi istənilən təhdid və ya pozuntu qəti şəkildə cavablandırılacaqdır.
Məsələ ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Birləşmiş Ştatlarla İran arasında danışıqlar prosesinin nəticə verəcəyi ehtimalı İsraili ciddi şəkildə narahat edir:
“İsrailin maraqları ondan ibarətdir ki, İran vurulsun və beləliklə də ABŞ də bu prosesdə iştirak etsin. ABŞ-nin hazırda istər Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirakı, istərsə də İranın vurulmasında iştirakı Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Vaşinqton üçün prioritet məsələ Çinə qarşı ticarət savaşı, daxildə iqtisadi problemlərin həlli və inflyasiyanın qarşısının alınmasından ibarətdir.
İranın vurulmasının neft qiymətlərinə birbaşa təsiri olduğu üçün Birləşmiş Ştatlar bu məsələdə qətiyyən maraqlı deyil. Təbii ki, bu prosesin Trampla Netanyahu arasında vəziyyəti daha da ciddiləşdirdiyini düşünürəm. Hesab edirəm ki, Vaşinqtonda baş verən son terror aktı da məhz ABŞ-nin İsrail hökumətinə xəbərdarlığı kimi qiymətləndirilə bilər. ABŞ İranla danışıqlar prosesində ilkin mərhələ üçün rəsmən bəyan edib ki, İran nüvə silahı istehsal etməyəcəyi zəmanətini verir. Bu isə İsrailin “İran nüvə təhdidi yaradır” arqumentini əlindən alır. Təbii ki, İsrail bununla razılaşmır.
İsrail həmçinin Türkiyənin Suriyada möhkəmlənməsinin qarşısını almaq istəyir. ABŞ isə bu məsələdə narahatlığını açıq şəkildə ifadə edir. Husilərlə bağlı razılaşmanı da misal göstərmək olar. Həmin razılaşmanın detalları ondan ibarətdir ki, Husilər sadəcə olaraq Birləşmiş Ştatların gəmilərinə hücum etməyəcək. Burada diqqət çəkən məqam isə odur ki, razılaşmada İsraillə bağlı heç bir detal yer almır. ABŞ-nin verdiyi rəsmi açıqlamada da vurğulanıb ki, Husilərlə ABŞ arasında olan razılaşma yalnız Birləşmiş Ştatların maraqlarını əhatə edir. Husilərlə İsrail arasındakı məsələlər razılaşmaya daxil edilməyib.
Burada diqqət çəkən əsas mesaj ondan ibarətdir ki, əgər İsrail ABŞ-nin maraqlarını nəzərə almadan İrana hücum edərsə və Suriyada hərbi əməliyyatları davam etdirərsə, o zaman ABŞ İsrailə heç bir halda dəstək verməyəcək.
İsrailin İrana hücumu nəzəri baxımdan mümkündür. Lakin bu baş verəcəyi halda ABŞ-nin İsrailə dəstək verməyəcəyini nəzərə alsaq, hesab edirəm ki, yaxın perspektivdə İsrailin təkbaşına İrana hücum etmə riskinə girməsi ehtimalı var".
Çimnaz Telmanqızı