“Bizi bölücülükdə ittiham edənlər əslində özləri bölücülük edirlər”-Ahmət Özer

Bölmə: Dünya › ,
Tarix: 21:51 23.05.2025

Esenyurt Bələdiyyə Başçısı olarkən həbs edilərək vəzifədən uzaqlaşdırılan və yerinə qəyyum təyin edilən Ahmət Özer, həbs olunmasından 205 gün sonra bu gün ilk dəfə Silivridə məhkəmə qarşısına çıxarılıb.

 

Özer “PKK/KCK terror təşkilatına üzv olmaq və onun fəaliyyətlərinin müəyyən olunmasına yönəlmiş istintaq çərçivəsində” 30 oktyabrda İstanbulda saxlanılıb və 4 noyabrda həbs edilib. ANKA-nın verdiyi xəbərə görə, Ahmət Özer müdafiəsində bildirib: “Vandan gəlmiş bir kürd olaraq rəhbər vəzifədə olmağımı həzm edə bilməyənlərə görə buradayam". İddia tərəfinin “Qərbdəki kürdlər, şərqdəki kürdlər” deyə ayrı-seçkilik etdiyini müdafiə edən Özer, “Bizi bölücülükdə ittiham edənlər əslində özləri bölücülük edirlər. Mən həyatımda heç vaxt cinayət törətməmişəm, məhkəməyə düşməmişəm. Yüzlərlə müəllim yetişdirmişəm, aralarında prokuror, hakim olmuş şəxslər var. Belə bir insandan terrorçu çıxarmı? İllərlə universitetlərdə çalışmışam. Bu qədər il ərzində terror təşkilatına üzv olmamışamsa, indi necə ola bilər?” deyə çıxış edib.
“Niyə buradayam?” sualını verən Özer, “Mən Esenyurt Bələdiyyə Başçısı olduğum üçün buradayam. Əgər bələdiyyə başçısı olmasaydım, yəqin ki, akademiyada bir vəzifədə olacaqdım. Böyük ehtimalla 10 il əvvəl olduğu kimi bu gün də mənimlə Barış Prosesi üçün əlaqə saxlayacaqdılar” deyib.
Siyasətə atıldıqdan sonra hədəf halına gəldiyini qeyd edən Özer, “Amma Esenyurt Bələdiyyə Başçısı olanda bütün diqqətlər mənim üzərimə yönəldi. Bu səbəbdən bir çox hüququm pozuldu” ifadələrini işlədib. Məhkəmə iclasını Cümhuriyyət Xalq Partiyasının (CHP) Başçısı Özgür Özel də izləyir. Daxili İşlər Nazirliyinin qərarı ilə Özerin yerinə İstanbul Valisinin müavini Can Aksoy qəyyum təyin olunub. Esenyurt Bələdiyyəsinin sədr müavinləri də vəzifədən azad edilib. Özer barəsindəki ittiham aktında “terror təşkilatına üzvlük” maddəsi ilə 7 il 6 aydan 15 ilədək həbs və siyasi fəaliyyət qadağası tələb olunur.


BBC News

Fatimə Heydərova