İran irəliləyiş üçün ümid görür

Tarix: 21:58 23.05.2025
İran və ABŞ nümayəndələri, Omanın vasitəçiliyi ilə keçirilən nüvə danışıqlarının beşinci raundunu İtaliyanın paytaxtı Romada yekunlaşdırıblar. Omanlı vasitəçi Bədr əl-Busaidi bildirib ki, danışıqlarda müəyyən, lakin yekunlaşmamış irəliləyiş əldə olunub.
Danışıqlar Romadakı Oman səfirliyində baş tutub. İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq etdikləri nümayəndə heyətləri ilə bir araya gəliblər. Əraqçi danışıqları “ən peşəkar raundlardan biri” adlandırıb və qeyd edib ki, tərəflər arasında ağlabatan bir yolun tapılması tərəqqi əlamətidir.
Əraqçi bildirib ki, təkliflər hər iki ölkənin paytaxtlarında nəzərdən keçiriləcək və daha sonra növbəti raundun vaxtı müəyyənləşdiriləcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baghaei isə Vitkoffun “uçuş cədvəlinə görə” danışıqları vaxtından əvvəl tərk etdiyini, lakin ümumilikdə müzakirələrin “ağıllı və sakit bir atmosferdə” keçdiyini vurğulayıb.
Danışıqların əsas məqsədi beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə silahı istehsal etməsinin qarşısını almaqdır. Lakin hələlik ciddi irəliləyiş qeydə alınmayıb. Həm Vaşinqton, həm də Tehran xüsusilə uranın zənginləşdirilməsi məsələsində sərt mövqe sərgiləməkdə davam edir. ABŞ nümayəndəsi Vitkoff bildirib ki, İrana hər hansı zənginləşdirməyə icazə verilməməlidir.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə