Ukrayna XİN başçısı: Zelenski və Putinin görüşü hazırlanır

Bölmə: Dünya › ,
Tarix: 22:05 23.05.2025

Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyir.

 

"İnformator.az" UNN-yə istinadən məlumatına görə, bunu Ukrayna XİN başçısı Andriy Sibiha bildirib.

 

“Üzərində işlədiyimiz mövqe prezidentlər səviyyəsində görüşdür. Biz bu görüşün genişləndirilmiş formatda ola biləcəyini ehtimal edirik”, – o qeyd edib.

 

Nazir xatırladıb ki, tərəflər hərbi əsirlərin mübadiləsini həyata keçirməyə razılaşıblar və bu proses artıq başlayıb. İndi Ukrayna Rusiyanın gələcək qeyd-şərtsiz atəşkəs barədə öz baxışını təqdim etməsini gözləyir. Oxşar sənəd Kiyevdə də hazırlanır.

 

Diplomat həmçinin qeyd edib ki, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın da görüşdə iştirak etməsini çox istərdi.

 

“Biz Prezident Trampın da buna qoşulmasını çox istərdik. Və biz həmişə israr edirik ki, mümkün gələcək danışıqlar masasında mütləq Avropa olmalıdır”, – Sibiha vurğulayıb.


Ukraynanın sülh danışıqları üçün məkan olaraq Vatikanı nəzərdən keçirib-keçirmədiyi sualına cavab olaraq, XİN başçısı bildirib ki, Ukrayna hələ də Rusiya ilə atəşkəs danışıqları üçün Vatikanda görüşün keçirilməsində maraqlıdır.