Bakıda rus diplomatlarla görüş

Bölmə: Siyasət › ,
Tarix: 14:50 06.06.2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirdiyi görüş diplomatik gündəmin əsas müzakirə mövzularından biri oldu. Görüşdə regional təhlükəsizlik və postmünaqişə dövrü ilə bağlı məsələlər diqqət mərkəzində olub.


Mövzu ilə bağlı politoloq Əli Mustafa “informator.az” saytına açıqlamasında Rusiyanın yanaşmasını belə dəyərləndirib:


“Regional təhlükəsizliyin qavranması Azərbaycan və Rusiya üçün fərqlidir. Azərbaycan bu anlayışa daha çox milli təhlükəsizliyin təminatı prizmasından baxırsa, Rusiya üçün bu, bölgənin öz nüfuz dairəsində qalması anlamını daşıyır. Biz bölgədə sərbəst və müstəqil olmaq, öz daxili siyasətimizi azad şəkildə müəyyənləşdirmək istəyirik. Rusiya isə Cənubi Qafqazı hələ də öz geopolitik maraqları çərçivəsində görmək istəyir.


Burada bizim suverenliyimizlə Rusiyanın təhlükəsizlik maraqları arasında ciddi fərqlər var. Bizim üçün əsas olan müstəqillikdirsə, Rusiya üçün bu, bölgədə öz təsir imkanlarını qorumaq və digər aktorların daxil olmasına qarşı çıxmaqdır.


Rus diplomatlarının Azərbaycanın xarici siyasəti ilə bağlı suallar verməsi təsadüfi deyil. Bu suallar vasitəsilə Azərbaycanın Qərblə münasibətləri, regionda yeni güc balansının formalaşması və bu prosesin Rusiyanın maraqlarına təsiri araşdırılır. Rusiya anlayır ki, bölgədəki nüfuzu getdikcə zəifləyir və bu onun üçün narahatedici məqamdır”.


“Azərbaycanın balanslı siyasəti regionda açar rolu oynayır”.


“Mövcud durumda Azərbaycan daha çox balanslaşdırılmış siyasət yürütməyə çalışır. Rusiya da, digər beynəlxalq güclər də Azərbaycanın bu tarazlıq siyasətini diqqətlə izləyir. Çünki Azərbaycanın regiondakı rolu artır, maraqları daha konkret və prinsipial şəkildə ifadə olunur.


Rusiya isə həm hərbi-siyasi alətlərlə, həm də diplomatik yollarla bölgədə qalmağa çalışır. Azərbaycanın bu dinamikanı necə yönləndirəcəyi isə, şübhəsiz ki, yaxın dövr üçün regional siyasətin əsas istiqamətlərindən birini təşkil edəcək”.


Solmaz Muradova