“Hizbullah” tərk-silah olunana qədər Livana zərbələr endiriləcək

Tarix: 22:29 06.06.2025
Bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib:
“İsrail dövlətinin təhlükəsizliyi təmin olunmadan Beyrutda sakitlik, Livanda isə nizam və sabitlik olmayacaq. Razılaşmalara əməl edilməlidir. Əgər siz tələb olunanı etməsəniz, biz addımlarımıza davam edəcəyik – hətta daha böyük güclə,” – Kats deyib.
Atəşkəsdən əvvəl İsrail və “Hizbullah” bir ildən çox müddət ərzində döyüşüb və bu, iki aylıq genişmiqyaslı müharibə ilə nəticələnib. Noyabrın 27-də imzalanan razılaşma “Hizbullah” döyüşçülərinin İsrail sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Litani çayının şimalına çəkilmələrini və cənub istiqamətində bütün hərbi infrastrukturun sökülməsini nəzərdə tuturdu. İsrail isə bütün qoşunlarını Livandan çıxarmalı idi. Lakin İsrail "strateji" hesab etdiyi beş mövqedə qoşunlarını saxlayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, İsrail və “Hizbullah” arasında vəziyyət hələ də gərgin olaraq qalır:
“İsrail hərbi rəhbərliyi bildirib ki, İsrailin təhlükəsizliyi təmin olunmayana qədər sakitlik olmayacaq. 1985-ci ildə "Hizbullah" bir partiya kimi yaradıldıqda əsas məqsədi Livanın cənub ərazilərini İsrailin nəzarətindən azad etmək idi. Bu istiqamətdə uzun illərdir ki, "Hizbullah" öz müqavimətini göstərir. Döyüşlər hələ də davam edir. İsrail tərəfi BMT-nin iki dövlət prinsipi ilə razı deyil. Bu halda tərəflər bir-birlərinə qarşı mübarizə aparmağa davam edəcəklər. Hazırda müzakirələrin əsas mövzusu İranın nüvə proqramı ilə bağlıdır. ABŞ İsraili, İran isə “Hizbullah”ı dəstəkləyir. Münaqişə bölgəsində ən dəhşətlisi odur ki, mülki insanlar qətlə yetirilir. Bu baxımdan, vəziyyətin tez bir zamanda sabitləşməsi istiqamətində atılan addımlar çox vacibdir. Bu istiqamətdə ABŞ tərəfindən də ciddi addımların atılması mümkündür".
Aygün Babayeva