Sumqayıt Bələdiyyəsinin rəhbərliyi şəhid və qazi ailələrini ziyarət ediblər

Tarix: 16:56 06.06.2025
Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə Qurban Bayramı münasibətilə şəhər ərazisində yaşayan 160-a yaxın şəhid, qazi, aztəminatlı ailələr, sosial sahədə çalışan işçilər və bələdiyyə əməkdaşlarına bayram sovqatı paylanıb.
“İnformator.az” xəbər verir ki, Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə üzvləri və aparatın əməkdaşları şəhid ailələrinin evində olublar.
Onlar ailələrin qayğı və ehtiyaclarını dinləyiblər. Adil Xudadatov bildirib ki, Sumqayıt Bələdiyyəsi şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara olan yüksək ehtiramı Sumqayıt şəhərində də davam etdirilir.
Bələdiyyə tərəfindən şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət olunur, onların sosial-məişət problemlərinin həllinə yardım göstərilir. Ailə üzvlərinin məşğulluğu, təhsili, sağlamlığı və digər gündəlik ehtiyacları daim diqqətdə saxlanılır. Eyni zamanda, xüsusi günlərdə – Anım Günü, Qələbə Günü, Novruz bayramı və digər əlamətdar tarixlərdə bu ailələrə mənəvi və maddi dəstək göstərilir.