Yaşamaq istəyiriksə, mühiti qorumalıyıq

Bölmə: Sosial › ,
Tarix: 22:06 06.06.2025

 

Hər kəs yaxşı, təmiz dünyada yaşamaq istəyir. Təmiz hava, saf su, yaşıl təbiət — bunlar insanın yaşamaq üçün ehtiyac duyduğu əsas amillərdir. Bəs biz bu təmizliyi qorumaq üçün nə edirik?

 

Ətraf mühiti çirkləndirmək bəzən adi bir vərdiş kimi qəbul olunur. Kimisi siqaret kötüyünü yerə atır, kimisi tullantıları çeşidləmədən zibilə tökür, digəri isə sadəcə özünü düşünərək məsuliyyətdən yayınır. Amma məsələ elə bundadır: hamı belə düşündükdə, nəticə çox ciddi olur.

 

Təbiət bizə ağac kölgəsi, quş səsi, təmiz hava, torpaq verir. Amma biz çox vaxt ona qarşılıq vermirik. Halbuki bir plastik butulkanı yerə atmaqla təkcə torpağı deyil, nəfəs aldığımız havanı da çirkləndiririk.

 

Ətraf mühiti qorumaq böyük güc tələb etmir. Bəzən sadə bir davranış buna kifayət edir: zibilləri çeşidləmək, suyu boşuna axıtmaqdan çəkinmək, birdəfəlik plastik əvəzinə çoxistifadəli çanta götürmək və s. Hər kəs kiçik bir addım atsa, nəticə böyük olar.

 

Unutmamaq lazımdır ki, bu dünya bizim evimizdir. Evi çirkləndirsək, sonunda orada yaşamaqdan bezərik. Əgər yaşamaq istəyiriksə, mühiti qorumaq bizim vəzifəmizdir.

 

Əminə Əliyeva