Hindistanın güllə atmadan Azərbaycanı məğlub etmək planı

Tarix: 20:15 06.06.2025
Hindistan Azərbaycanı bir güllə atmadan zəiflətməyi planlaşdırır. Bu barədə “India.com” saytında yayımlanan məqalədə məlumat verilib.
Son Hindistan–Pakistan gərginliyi zamanı Pakistana kömək edən qüvvələrə qarşı əhəmiyyətli addım atan Hindistanın Ermənistana silah satışını sürətləndirdiyi bildirilir. Azərbaycan isə Dağlıq Qarabağ bölgəsindəki münaqişədə Ermənistanla mübarizə aparırdı. Buna görə də Hindistanın Ermənistana dəstək verməsi, birbaşa silah işlətmədən Azərbaycana ciddi zərbə vurmaq kimi qiymətləndirilir.
Hindistan Ermənistana digər müdafiə vasitələri ilə birlikdə "Akash-1S" yer-hava raket komplekslərinin ikinci partiyasını çatdırmağı planlaşdırır. Dehli ilə Ermənistan hökuməti arasında müdafiə əlaqələri 2020-ci ildən bəri ardıcıl şəkildə inkişaf edir və Hindistanın son addımları Azərbaycan üçün tabuta vurulan son mismar kimi təqdim olunur. Məqalədə qeyd edilir ki, bu addım Azərbaycanın əsas tərəfdaşlarından biri olan Türkiyə və Pakistana da mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü və siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni geosiyasi reallıqlar formalaşıb:
“Azərbaycan, Türkiyə və Pakistan arasında yaranan strateji ittifaqa qarşı müəyyən dövlətlər – xüsusilə Fransa, Hindistan, Ermənistan və Yunanıstan – arasında yaxınlaşma müşahidə olunur.
Fransa bu prosesdə aparıcı rol oynayır. O, Ermənistana yalnız silah yardımı ilə kifayətlənmir, eyni zamanda siyasi və diplomatik müstəvidə də açıq şəkildə dəstək verir. Fransa Avropa İttifaqında təsirli aktor olaraq, Aİ-nin də Ermənistana dəstək verməsinə çalışır. Xüsusilə Avropa Parlamentində Fransanın bu istiqamətdə fəallığı açıq şəkildə görünür.
Digər tərəfdən, Pakistanla Azərbaycan arasındakı münasibətlərin strateji səviyyədə inkişafı Hindistandan ciddi narahatlıqla qarşılanır. Hindistan və Pakistan arasında baş vermiş qarşıdurmalarda Pakistanın üstünlük qazanmasında Türkiyənin təqdim etdiyi müasir hava hücumundan müdafiə sistemləri mühüm rol oynayıb. Bu hadisələr beynəlxalq medianın diqqət mərkəzinə çevrilib və geniş şəkildə işıqlandırılıb. Hindistanın bu qarşıdurmada uğursuzluğu ölkə daxilində də ciddi narazılıq yaradıb.
Məhz bu amillər fonunda Hindistanın Ermənistana silah dəstəyi verməsi yeni bir hərbi-siyasi cəbhənin formalaşmasına səbəb olur. Buradakı əsas məqsəd hərbi və ya iqtisadi deyil, siyasi xarakter daşıyır. Hindistan bu yolla Türkiyə, Pakistan və Azərbaycana qarşı öz mövqeyini dolayısı ilə ifadə etməyə çalışır.
Bununla belə, Hindistan da, Fransa da Cənubi Qafqaz bölgəsindən coğrafi baxımdan kifayət qədər uzaqdadır. Halbuki Türkiyə regionun birbaşa iştirakçısıdır və Ermənistanla sərhədə malikdir. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi bu iki qardaş ölkənin hərbi-siyasi əlaqələrini ən yüksək səviyyəyə yüksəldib. Bu da Azərbaycanın bölgədəki strateji mövqeyini daha da möhkəmləndirib”.
Siyasi şərhçi əlavə edib ki, geosiyasi baxımdan məsələni təhlil etdikdə Azərbaycanın mövqeyinin gündən-günə gücləndiyi aydın görünür:
“Azərbaycan həm region dövlətləri, həm də qlobal güc mərkəzləri ilə münasibətlərini genişləndirərək diplomatik üstünlüyünü daha da artırır. Bu da Ermənistan üzərində təsir imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.
Nəticə etibarilə, Hindistanın Ermənistana verdiyi dəstək bölgədə mövcud reallıqları dəyişmək gücündə deyil. Azərbaycan və Ermənistan arasında istər hərbi, istər iqtisadi, istərsə də siyasi sahədə müqayisəolunmaz fərqlər mövcuddur. Azərbaycanın üstünlüyü açıq şəkildə ortadadır və bu fərqin yaxın gələcəkdə aradan qalxması real görünmür.
Azərbaycan davamlı şəkildə inkişaf edir və uzunmüddətli strateji hədəflərini sistemli formada reallaşdırır. Mövcud inkişaf mexanizmləri bu prosesi daha da sürətləndirir. Bu səbəbdən, Ermənistana verilən hər hansı hərbi, siyasi və ya iqtisadi dəstək bölgədə Azərbaycan–Ermənistan arasında mövcud güc balansını dəyişməyə qadir deyil.
Azərbaycanın geniş manevr imkanları və çoxşaxəli diplomatik əlaqələri ona bölgədə həm təhlükəsizlik, həm də siyasi üstünlük baxımından ciddi avantajlar qazandırır".
Aytən Ağazadə