ABŞ-Çin liderləri telefonla görüşüb

Tarix: 20:26 06.06.2025
ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Szinpin arasında telefon danışığı baş tutub. Təxminən bir saat yarım davam edən söhbət zamanı əsas müzakirə mövzusu iki ölkə arasındakı ticarət münasibətləri olub.
Məsələ ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Szinpin arasında təxminən bir saat yarım davam edən telefon danışığı baş tutub. Danışıq dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilib və beynəlxalq mediada geniş işıqlandırılıb:
"Telefon danışığının əsas mövzusu ABŞ ilə Çin arasında mövcud olan ticarət münasibətləri olub. Bildirilib ki, Tramp istər birinci, istərsə də ikinci prezidentlik dövründə Çinlə ticarət müharibəsinin təşəbbüskarı kimi çıxış edib. O, ABŞ bazarına xaricdən idxal olunan məhsullara yüksək rüsumlar tətbiq edərək ilk növbədə Çin məhsullarına təsir göstərib. Buna cavab olaraq Çin də ABŞ-dən idxal olunan məhsullara 125 faizlik gömrük rüsumu tətbiq edib. ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145 faizlik rüsuma qarşılıq olaraq Çin tərəfi öz rüsum siyasətini sərtləşdirib. Lakin nəticədə bu vəziyyət hər iki ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Bu səbəbdən tərəflər arasında danışıqlar başlanıb və qarşılıqlı rüsum endirimləri həyata keçirilib. ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumu 30 faizə, Çin isə ABŞ məhsullarına tətbiq etdiyi rüsumu 10 faizə endirib. Məlumata görə, telefon danışığında yalnız ticarət münasibətləri müzakirə olunub, geosiyasi məsələlərə toxunulmayıb. Rusiya-Ukrayna münaqişəsi, ABŞ-İran münasibətləri və yaxud da Yaxın Şərqdəki vəziyyət bu müzakirələrin mövzusu olmayıb".
Ekspert həmçinin bildirib ki, Donald Tramp Çinlə ABŞ arasında ticarət müharibəsinin sonlandırılması üçün mühüm addımlar atıb və ABŞ öz maraqlarına uyğun olan şərtləri əldə edə bilib:
"İki lider arasında uzunmüddətli və konstruktiv xarakter daşıyan bu danışıqda əsas diqqət ABŞ-nin Çin bazarına, Çinin isə ABŞ bazarına çıxış imkanlarının müzakirəsinə yönəlib. Ekspertlərin fikrincə, bu cür danışıqlar siyasi baxımdan da önəmlidir və tərəflər arasında mövcud olan gərginliyin azaldılmasına səbəb ola bilər. Qeyd edək ki, bu telefon danışığından bir neçə gün əvvəl – mayın 4-də – ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında da telefon danışığı baş tutmuşdu. Bu ardıcıl danışıqlar onu göstərir ki, dünya gücləri arasında dialoq mühiti formalaşmaqdadır və bu, qlobal geosiyasi və geoiqtisadi sabitlik baxımından əhəmiyyətli hesab olunur".
Gülhüseynova Güllər