“Azərbaycanda psixoloji problemlərin artması təsadüfi deyil”

Tarix: 20:27 06.06.2025
Son illərdə Azərbaycanda psixoloji narahatlıqların artması ictimai və fərdi səviyyədə ciddi şəkildə müşahidə olunur.
Məsələ ilə bağlı klinik psixoloq Xədicə Cəbrayılova "İnformator.az"a açıqlamasında bildirir ki, bu artımın əsas səbəbləri çoxşaxəlidir:
"Sosial-iqtisadi çətinliklər; işsizlik; maddi qeyri-sabitlik; COVID-19 pandemiyasının yaratdığı uzunmüddətli psixoloji gərginlik; və 2020-ci il Vətən Müharibəsinin fərdi və kollektiv travmaları insanların psixoloji durumuna birbaşa təsir göstərir. Ailədaxili zorakılıq, münasibət problemləri və sosial medianın yaratdığı müqayisə hissi, özünü yetərsiz görmə kimi duyğular da bu vəziyyəti daha da dərinləşdirir. Psixoloji maariflənmənin artması bir çox halların artıq gizlədilmədən ifadə olunmasına səbəb olur. Bu isə problemin statistik olaraq artdığı təəssüratını yaradır.
Ən çox rast gəlinən psixoloji pozuntular sırasında depressiya, anksiyete (narahatlıq) pozuntuları, panik atak, posttravmatik stress pozuntusu (PTSP), obsesif-kompulsiv pozuntu (OKP), yuxu və psixosomatik problemlər (məsələn, baş ağrısı, mədə ağrısı kimi bədəndə əks olunan şikayətlər) yer alır".
Müsahibimizin sözlərinə görə, bu kimi hallarda – iki həftədən artıq davam edən kədər və maraqsızlıq, daimi narahatlıq və qorxu, səbəbsiz yuxu və iştah dəyişiklikləri, özünə zərər vermə düşüncələri, insanlardan uzaqlaşma və emosional partlayışlar – psixoloqa müraciət etmək vacibdir:
"Ailədaxili gərginliklər, münasibətlərdə davamlı anlaşılmazlıq və ünsiyyət çətinlikləri də psixoloji dəstəyə ehtiyacın əlamətidir. Psixoloqa getmək yalnız problemli olmaq demək deyil, özünü tanımaq, emosiyaları daha sağlam şəkildə ifadə etmək, daxili resurslarını kəşf etmək və həyat keyfiyyətini artırmaq üçün də psixoloji dəstəkdən yararlanmaq son dərəcə faydalıdır”.
Ayan Əsgərova