Yay aylarında su problemi: İqlim böhranı, yoxsa idarəetmə çatışmazlığı?

Tarix: 20:55 06.06.2025
2025-ci ilin iyun ayında Bakı və Abşeron ərazisində içməli su ilə bağlı narahatlıqlar daha da artıb. Bir çox qəsəbə və yaşayış massivində günlərlə suyun verilməməsi, bəzi kənd yerlərində isə tam susuzluq ölkənin sosial gündəmində ön plana çıxıb. Azərsu ASC bu problemi quraqlıq, su anbarlarının doluluq səviyyəsinin azalması və tələbatın artması ilə izah edir. Amma məsələ təkcə iqlim böhranı ilə bağlı deyil- planlaşdırma və resursların idarə olunmasındakı boşluqlar da vəziyyəti ağırlaşdırır.
İqlim dəyişikliyi fonunda yağıntıların azalması, su anbarlarında səviyyənin kritik həddə enməsi və qışda kifayət qədər qar ehtiyatının yığılmaması bu yayda ciddi su böhranına səbəb olub. Bu da öz növbəsində təkcə içməli suya deyil, həm də kənd təsərrüfatına ciddi zərbə vurur.
Mingəçevir, Tovuz və Goranboy bölgələrindən gələn xəbərlərə əsasən, bu il minlərlə hektar taxıl sahəsi suvarıla bilmədiyi üçün məhsul itkisi qaçılmazdır.
Şəhər ərazilərində isə vəziyyət fərqli formada özünü göstərir: köhnəlmiş boru sistemləri, planlaşdırılmayan artım və qeyri-rəsmi tikililər suyun itkilərini artırır. Eyni zamanda, lüks yaşayış kompleksləri və villalarda suyun israfı da ictimai narazılıq yaradır – bir tərəfdə saatlarla su gözləyən ailələr, digər tərəfdə su şəlaləsi ilə bəzədilən həyətlər.
Ekspertlər təklif edir ki, yağış sularının toplanması, suyun təkrar istifadəsi, filtrasiya sistemləri, kəndlərdə yeni artezian quyuları və damcılı suvarma texnologiyaları qısa və orta müddətdə vəziyyəti yaxşılaşdıra bilər. Ən əsası isə dövlətin bu sahəyə strateji yanaşması və ictimai monitorinq sisteminin qurulmasıdır.
Su probleminin bu şəkildə davam etməsi yalnız narahatlıq yox, gələcəkdə regional sosial sabitliyə təhlükə yarada bilər.
Aydın Hacıyev