Jurnalistika fakültəsi nə öyrədir?

Bölmə: Sosial › ,
Tarix: 21:08 06.06.2025

Jurnalistika fakültəsinə qəbul olanda çoxumuzda eyni düşüncə olur: yazacağıq, danışacağıq, cəmiyyətə təsir edəcəyik. Amma ilk gündən anlamağa başlayırsan ki, bu sahədə yalnız arzularla irəliləmək olmur.

 

Universitet bizə jurnalistikanın əsaslarını, tarixini, etik qaydalarını öyrədir. Bunlar vacibdir, amma real sahədə qarşılaşdıqlarımız tamamilə başqa bir reallıqdır. Dərsdə obyektiv olmağı, məlumatı yoxlamadan paylaşmamağı öyrədirlər. Saytda isə operativlik, sürətli yazı və oxucu cəlb edən başlıq gözlənilir.

 

Texnologiya daim dəyişir. Jurnalist artıq təkcə yazı yazmır — o həm də sosial mediada aktiv olmalı, foto və videoyla işləməyi bacarmalı, lazım gəlsə, öz xəbərini telefonla montaj edib paylaşmalıdır.

 

Bunun üçün fakültənin verdiyi baza əhəmiyyətlidir. Səni bu sahəyə hazırlayır, amma daha yaxşı, real təcrübəni yalnız işə başladıqda qazanmaq olar. Əslində jurnalistika auditoriyada yox, sahənin içində öyrənilir. Sonda isə anlayırsan: bu sahədə uğurlu olmaq üçün təkcə yazmağı yox, həm də öyrənməyi və dəyişməyə açıq olmağı bacarmalısan.

 

Əminə Əliyeva