Rusiyanın səbrinin sonuna gəlinir!

Tarix: 20:11 18.06.2025
Rusiya, İsrailin İranda yerləşən nüvə obyektlərinə hücumlarını qeyri-qanuni elan edərək, bu addımların dünyanı nüvə fəlakətinə sürüklədiyi barədə xəbərdarlıq edib. İsrailə təmkinli davranmağa çağırış edilib, hücumlara dəstək verən ölkələrin isə bu prosesə şərik olduqları bildirilib. Prezident Vladimir Putin isə “Səbr tükənmək üzrədir” deyərək İsrailə sərt reaksiya göstərib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İran Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması üzrə Müqaviləyə (NPT) sadiqliyini davam etdirir və danışıqlara açıq mövqeyi nəzərə alınmalıdır. Nazirlik İsrailin nüvə obyektlərinə hücumlarını “qeyri-qanuni” adlandırıb və bu hərəkətlərin beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayıb.
Hadisələrlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyindən (UAEA) də açıqlama verilib. Qurumun “X” sosial platformasında paylaşdığı məlumata görə, 13 iyun tarixində İsrailin həyata keçirdiyi hücumlardan sonra əldə olunan yüksək keyfiyyətli peyk görüntüləri Natanz Nüvə Obyektinin yeraltı hissələrində uranın zənginləşdirilməsi prosesinə təsir göstərən elementlər ehtiva edir. Lakin UAEA-nın baş direktoru Rafael Mariano Qrossi bildirib ki, yeraltı bölmədə fiziki dağıntı qeydə alınmayıb, yalnız yerüstü tikililərdə zərər müşahidə olunub. Digər tərəfdən, İsfahan və Fordo obyektlərində hər hansı dəyişiklik qeydə alınmayıb.
Rusiyanın açıqlamaları və UAEA-nın texniki qiymətləndirmələri göstərir ki, İsrailin bu hərbi addımı yalnız regional deyil, həm də qlobal təhlükəsizliyi təhdid edən bir böhrana çevrilə bilər. İndi bütün diqqətlər Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq aktorların atacağı addımlara yönəlib.
Haberler.com
Aygün Babayeva