Azərbaycan niyə sərhədləri açmır?

Bölmə: Siyasət › ,
Tarix: 22:56 18.06.2025

 

İsrail–İran qarşıdurmasının artması və Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda regionda miqrasiya və təhlükəsizlik riskləri kəskinləşib. Azərbaycan bu təhdidlər fonunda quru sərhədlərini bağlı saxlamaqla milli təhlükəsizliyini ön planda tutduğunu nümayiş etdirir.

 

Azərbaycan quru sərhədlərini bağlı saxlaması bölgədəki hərbi və təhlükəsizlik riskləri fonunda nə dərəcədə əsaslı qərardır?

 

Mövzu ilə bağlı politoloq Sahil Kərimli "İnformator.az"a bildirib ki, uzun müddətdir Azərbaycan quru sərhədlərini bağlı saxlayır:

 

 "Bu qərar bir sıra dövlət qurumları, o cümlədən Prezident İlham Əliyev tərəfindən dəfələrlə əsaslandırılıb və sərhədlərin lazım gəldiyi müddətcə bağlı qalacağı bildirilib. Vaxt keçdikcə bu addımın nə qədər doğru, praqmatik və uzaqgörən olduğu bir daha öz təsdiqini tapıb.

 

Son günlərdə İsrail və İran arasında artan gərginlik, qarşılıqlı hərbi əməliyyatlar göstərdi ki, Azərbaycan milli təhlükəsizlik və dövlətçilik prinsiplərini qorumaq üçün vaxtında önləyici addım atıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sərhədlərin bağlı saxlanılması vətəndaşların rifahı, sabitliyi və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.

 

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlar və İranın cavab olaraq endirdiyi ağır zərbələr bölgədə gərginliyin hələ uzun müddət davam edəcəyini göstərir. Bu fonda sərhədlərin açılması müxtəlif təhlükələrə, o cümlədən potensial miqrasiya axınına və regional sabitliyin pozulmasına yol aça bilər. Hətta mümkün raket zərbələri sərhəd bölgələrində radioloji risklər də yarada bilər".

 

Ekspert əlavə edib ki, Azərbaycan bu gərginlikdən narahat olduğunu açıq şəkildə ifadə edib və tərəfləri təmkinli olmağa, dərhal sülh danışıqlarına başlamağa çağırıb:

 

"Bu çağırış Azərbaycanın qlobal sülh və təhlükəsizlik səylərinə verdiyi töhfənin davamı kimi qiymətləndirilir. Rəsmi Bakı beynəlxalq arenada hər zaman sülhü və təhlükəsizliyi dəstəkləyən mövqe tutub.

 

Quru sərhədlərin bağlı saxlanılması Azərbaycanın təhlükəsizlik siyasətinə xidmət edir. Bu addım təkcə İran deyil, digər qonşu ölkələrdən ola biləcək təhlükələrin qarşısının alınmasında da mühüm rol oynayır. Dövlətin bu sahədəki mövqeyi və tətbiq etdiyi tədbirlər milli maraqların qorunması baxımından strateji əhəmiyyət kəsb edir".


Türkan Kərimli