“Hizbullah təslim olmayacaq”-Qasım

Tarix: 13:24 07.07.2025
Təhdidlər Hizbullahı təslim olmağa məcbur etməyəcək. Hərəkat həm sülh, həm də müdafiəyə hazırdır.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Tural İrfan bildirir ki, Hizbullah təşkilatı hərəkətə keçməyincə bölgədə gərginliyin artacağını demək çətindir:
“İsrailin işğal siyasəti davam etdikcə Hizbullah, Həmas kimi təşkilatların əl saxlaması mümkün görünmür. Tutaq ki, bu iki təşkilatı ləğv edibsə, yenidən başqaları yaranacaq. Yəni, problemin kökü qaldıqca, İsrail-Fələstin problemi davam etdikcə bu qruplaşmalar da olacaq. Hizbullahın baş katibi Naim Qasımın bu mövqeyi Livan - İsrail sərhəddində yalnız İsrailin hücumu yaxud təxribatı nəticəsində toqquşmalara gətirə bilər. Əks halda Hizbullah əvvəlki gücdə deyil. Hizbullahın İran tərəfindən maliyyələşməsi və silahlandırılması dəqiqdir. Lakin qərarların qəbulunda bəzən müstəqil də ola bilirlər. Hətta İranın təsiri ilə qəbul etdikləri qərarlara görə az qala məhv olacaqdılar. Çünki İranın özündə İsrail casusları doludur və Hizbullah ilə əlaqələrdə məsul olan şəxslərin arasında İsrail agentləri çoxluq təşkil edir. Elə bunun nəticəsində keçmiş Hizbullah lideri Həsən Nəsrallahın yerini İsrail müəyyən edərək vura bildi. Əvvəllər yarandığı dövrdə əsasən sovetlər birliyi bu təşkilatı himayə edib. Sonralar da İranın təsir dairəsindədir. Hizbullahın silahı yerə qoyması yaxud ləğv edilməsi ilk növbədə bəhanə verən İsrail - Həmas məsələsi və ümumiyyətlə Fələstin problemi həll olunmalıdır. Eyni zamanda bölgədə güc balansı tarazlaşmalıdır. Livan dövləti öz ordusunu gücləndirməli, İran təsirini uzaqlaşdırmalıdır”.
Aysel Mirzəyeva