“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib

Tarix: 17:52 07.07.2025
Mərkəzi Bank tərəfindən “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”na dəyişikliklər edilib. Sözügedən dəyişikliklər avqustun 1-dən qüvvəyə minəcək.
"İnformator.az" "Teleqraf"a istinafən xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, qaydaya edilən dəyişikliklərin əsas məqsədi kəmiyyət və keyfiyyət parametrlərinin yenidən tənzimlənməsi yolu ilə banklarda likvidlik risklərinin daha effektiv idarə olunması və onların likvidlik mövqelərinin daha da möhkəmləndirilməsi ilə yanaşı, bank sektorunun real iqtisadiyyatı maliyyələşdirmək imkanlarının qorunmasından ibarətdir.
Yeni tələblər bankların likvidlik mövqeyinin qiymətləndirilməsi üçün tətbiq edilən likvidliyin örtülmə əmsalının (LCR) həm məcmu, həm də milli valyuta üzrə tətbiqini nəzərdə tutur. 01.08.2025-ci il tarixindən etibarən sistem əhəmiyyətli banklar milli valyuta üzrə LCR əmsalını 50%-dən başlamaqla 01.06.2027-ci il tarixinədək, bütün digər banklar isə 40%-dən başlamaqla 01.12.2027-ci il tarixinədək mərhələli qaydaya 100%-ə çatdırmalıdır. Paralel olaraq, dəyişikliklər vasitəsilə bankların yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirə biləcəkləri aktivlərin dairəsi də genişləndirilibdir (bank metalları, dövlət zəmanətli maliyyə institutlarının qiymətli kağızları, gecəlik (overnight) depozitlər, Mərkəzi Bankda yerləşdirilmiş qısamüddətli vəsaitlərin yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirilməsinə icazə verilibdir).