Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Tarix: 18:10 07.07.2025
İyulun 6-da Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Yusif Bağırzadə bildirir ki, Azərbaycan-Pakistan münasibətləri tarixin sınağından uğurla çıxaraq hər keçən gün daha güclənən münasibətlərdir:
“Bu münasibətlər hətta Pakistanda daxili qeyri-stabillik, siyasi böhran hökm sürdüyü illərdə belə heç vaxt dəyişməyib. Nəticədə Azərbaycan-Pakistan əlaqələri illərlə inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. İki ölkə liderlərinin və rəsmi şəxslərin qarşılıqlı səfərləri isə mövcud ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İndi də baş nazir Şahbaz Şərifin ardınca Pakistan Milli Asambleyasının sədri Sərdar Ayazın ölkəmizə səfəri təbii olaraq iki ölkə arasında əvvəllər razılaşdırılmış məsələlərin icrası ilə yanaşı yeni müzakirələr baxımından da əhəmiyyətlidir”.
Həmçinin şərhçi qeyd edir ki, həm Azərbaycanın, həm də Pakistanın müxtəlif beynəlxaq tribunalarda ortaq mövqedən çıxış etməsi, o cümlədən İƏT çərçivəsində bundan sonra əməkdaşlığın inkişaf etdirilməsi baxımından Parlamentlər səviyyəsində də münasibətlərin dəinləşməsi olduqca vacibdir:
“Bu səfər məhz bu istiqamətdə yeni imkanların əldə edilməsinə hesablanıb. Azərbaycanın Pakistana 2 milyard dollar həcmində investisiya yatırmağa hazırlaşması, eləcə də Pakistanın Qarabağın bərpası prossesində iştirakı ilə bağlı da müvafiq razılaşmalar var. Çox sayda pakistanlı iş adamının Qarabağın yenidən qurulması prosesində iştirak etməyə hazır olduğu məlumdur. Bununla yanaşı iki ölkə arasında güzəştli və tranzit ticarəti ilə bağlı sənədlərin imzalandığı da məlumdur. Düşünürəm ki, Pakistan Milli Assambleyası sədrinin ölkəmizə səfəri onsuz da kifayət qədər yaxşı olan Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli səfər olacaq”.
Aysel Mirzəyeva