Ermənistanın neytrallıq bəyanatı nə dərəcədə inandırıcıdır?

Tarix: 13:37 07.07.2025
Rəsmi İrəvan üçüncü ölkələrin Ermənistan ərazisindən kiməsə qarşı hərbi əməliyyatlar üçün istifadə etməsi ehtimalını rədd edib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
“Mətbuatda yer alan bəzi uydurma məlumatlara cavab olaraq Ermənistan Respublikası öz prinsipial mövqeyini bir daha təsdiqləyir: Ermənistan Respublikasının ərazisi üçüncü dövlətlər tərəfindən heç bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar üçün istifadə edilə bilməz”, - deyə bildirilib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, əlbəttə, hazırda Ermənistanın bu kimi məsələlərdə xarici siyasətdə səmimi və ardıcıl davranacağına dair etimad azdır:
"Ermənistanın bu cür bəyanatlarına yalnız o halda inam yaranar ki, o, öz ərazisində yerləşən digər ölkələrin hərbi bazalarını tam şəkildə çıxarsın. Məlumdur ki, Cənubi Qafqazın üç dövləti arasında yalnız Ermənistanın ərazisində xarici hərbi bazalar mövcuddur. Azərbaycan və Gürcüstan isə bu məsələni çoxdan həll ediblər. Əgər Ermənistan ərazisində xarici hərbi bazalar fəaliyyət göstərirsə, bu, həmin bazalardan üçüncü ölkələrə qarşı istifadə ehtimalının yüksək olduğunu düşünməyə əsas verir. Üstəlik, Ermənistan xüsusilə geosiyasi baxımdan əks qütblərin hərbi infrastrukturunun ölkəyə daxil olması istiqamətində ardıcıl addımlar atır. Artıq Avropa Birliyinin hərbi-siyasi missiyası Ermənistanda fəaliyyət göstərir. Hətta bu missiyanın Qərbi Zəngəzurda, Azərbaycanla sərhədində dayaq məntəqəsi də yaradılıb. Məlumatlara əsasən, missiya sərhədin digər istiqamətlərində də yeni dayaq məntəqələri qurmağa başlayıb. Eyni zamanda, Ermənistan ərazisində bəzi Qərb ölkələrinin hərbi yönümlü laboratoriyalarının mövcudluğu barədə də məlumatlar var. Bu informasiyalar rəsmi şəkildə təsdiqlənməsə də, ümumi vəziyyəti nəzərə aldıqda, Ermənistanın “ərazimizdən başqa ölkələrə qarşı istifadə olunmayacaq” bəyanatları ciddi suallar doğurur. Belə təminatı yaratmaq Ermənistanın beynəlxalq öhdəliyi və bölgə sabitliyinə töhfəsi olmalıdır. Əgər Ermənistan doğrudan öz ərazisinin üçüncü ölkələrə qarşı istifadə edilməyəcəyini iddia edirsə, bunu konkret addımlar və şəffaf mexanizmlərlə sübut etməlidir. Əks halda, bu kimi bəyanatlar beynəlxalq ictimaiyyət, xüsusən də region dövlətləri tərəfindən şübhə ilə qarşılanacaq. Hazırda Ermənistanın ABŞ, Fransa, Yunanıstan və Hindistanla sıx hərbi əməkdaşlıq etdiyi müşahidə olunur. Həmin dövlətlər Ermənistan ərazisində hərbi mövcudluqlarını gücləndirməyə çalışırlar".
Siyasi şərhçi əlavə edib ki, belə bir şəraitdə Ermənistanın neytral mövqe tutacağına və öz ərazisindən başqa ölkələrə qarşı istifadə edilməyəcəyinə dair təminat verməsi real görünmür:
"Xüsusilə Fransa, ABŞ və Rusiya ilə münasibətləri Ermənistanın öz ərazisindən başqa region ölkələrinə qarşı istifadə edilməyəcəyinə dair təminat verməyinə ən böyük maneələrdir. Bütün bu amillər fonunda Azərbaycan olaraq Ermənistanın bu cür bəyanatlarına ehtiyatla yanaşmaqda və onlara tam etimad göstərməməkdə əsaslı səbəblərimiz mövcuddur".
Aytən Ağazadə