Zelenski Rusiyaya qarşı yeni sanksiya paketini imzalayıb

Tarix: 18:40 07.07.2025
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqlədiyini elan edib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı yeni sanksiya paketini imzalaması, ölkənin özünü yalnız hərbi yox, həm də iqtisadi və diplomatik müstəvidə müdafiə etdiyini göstərir:
“Bu sanksiyalar vasitəsilə Ukrayna hökuməti bir neçə əsas məqsədi reallaşdırmağa çalışır. İlk növbədə, Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarını zəiflətmək, işğalın iqtisadi yükünü artırmaq və Kremlin daxili siyasi dayaqlarını sarsıtmaq hədəflənir. Eyni zamanda, bu addım daxili auditoriyaya və Qərb tərəfdaşlarına Ukraynanın öz suverenliyi uğrunda bütün vasitələrlə mübarizə apardığını nümayiş etdirir. Yeni sanksiya dalğasının Qlobal Cənub ölkələrinin münaqişəyə yanaşmasına birbaşa təsiri daha mürəkkəbdir. Bu ölkələr – xüsusilə Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya regionlarında yerləşən dövlətlər – adətən neytral mövqedə dayanmağa çalışır və Qərbin sanksiyalar siyasətinə ehtiyatla yanaşırlar. Lakin Ukraynanın bu sanksiyaları təkcə hərbi deyil, həm də humanitar və etik əsaslarla əsaslandırması bəzi ölkələrdə ictimai və siyasi dəstəyin formalaşmasına təsir göstərə bilər. Buna baxmayaraq, Qlobal Cənub ölkələrinin çoxu üçün iqtisadi maraqlar və enerji təhlükəsizliyi hələ də əsas prioritet olaraq qalır, bu səbəbdən onların mövqeyi ciddi şəkildə dəyişməyə bilər”.
Həmçinin şərhçi qeyd edir ki, davamlı sanksiya siyasətinin müharibədən sonrakı mərhələdə Rusiya ilə münasibətlərin normallaşmasına təsiri isə qaçılmaz olacaq:
“Müharibədən sonra diplomatik əlaqələrin bərpası, ticarət münasibətlərinin yenidən qurulması və regional sabitliyin təmin olunması üçün qarşılıqlı etimadın bərpası zəruri olacaq. Sanksiyalar bu etimadın formalaşmasına maneə yarada bilər, xüsusilə də əgər onlar münaqişə başa çatdıqdan sonra da davam edərsə. Digər tərəfdən, bu sanksiyalar eyni zamanda gələcəkdə beynəlxalq hüququ pozan dövlətlər üçün nümunəvi cəza mexanizmi kimi də çıxış edə bilər. Yəni onların tamamilə ləğvi deyil, mərhələli və şərtli şəkildə yumşaldılması daha real və konstruktiv yol ola bilər”.
Aysel Mirzəyeva