Azərbaycan–Çin münasibətlərində hüquqi səviyyədə strateji addım

Bölmə: Siyasət › ,
Tarix: 20:46 07.07.2025

Azərbaycan və Çin arasında hüquqi sahədə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin imzaladığı qanuna əsasən, iki ölkə arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçiriləcək. Bu addım, yalnız hüquqi müstəvidə əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda Bakı ilə Pekin arasında artan siyasi etimadın və strateji tərəfdaşlığın göstəricisidir. Qanun cinayətlərin araşdırılması, sübutların toplanması, şəxslərin ekstradisiyası və digər hüquqi prosedurları əhatə edir.

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az" a açıqlamasında bildirib ki , Azərbaycanın Çinlə əməkdaşlıq əlaqələri dövlətimiz üçün vacib addımlardan biridir:

 

"Azərbaycanın dünyanın bir çox ölkələri ilə qarşılıqlı-hüquqi yardım haqqında müqavilələri var.Bu müqavilələr Azərbaycana və digər dövlətlərə zəruri hallarda lazımi addımların atılmasına imkan verir.İlk növbədə , Azərbaycanda cinayət törədib başqa ölkələrə getmiş şəxslərin təhvil verilməsi və digər məsələlər bu müqavilələrdə nəzərdə tutulur.

 

Çin iqtisadi tərəfdən dünyanın ən güclü ölkələrin biridir.Günü-gündən Çinin nüfuzu artır və bu baxımdan Azərbaycanla Çin arasında belə bir əməkdaşlığın olması Azərbaycana hüquqi sahədə çox böyük imkanlar yaradır.Eyni zamanda, təbii ki , Çin dövləti də bu müqavilənin verdiyi imkanlarından faydalanacaq və hər iki dövlətin beynəlxalq cinayətkarlara qarşı mübarizisində mühüm rol oynayacaq.Çinlə Azərbaycan arasında çox müxtəlif sahələrdə imzalanmış müqavilələr mövcuddur.Azərbaycan prezidentinin Çinə son səfəri zamanı da xeyli mühüm sənədlər imzalanıb.Azərbaycan Çin ilə olan əməkdaşlığına çox böyük əhəmiyyət verir.Hər şeydən əvvəl , Azərbaycanın müstəqilliyinə təminat verən vasitələrdən biri də Çin kimi nüfuzlu dövlətlərlə əlaqələri möhkəmləndirməkdir. Çünki Çin həm BMT Təhlükəsizlik Şurasının üzvüdür , həm də çox nüfuzlu dövlətdir. Azərbaycanla Çin arasında , təbii ki , yalnız hüquq məsələləri əhatə eləmir.Hətta , konkret hüquqi yardımdan söhbət getsə də , Azərbaycanla Çinin siyasi yaxınlaşmasının da göstəricisidir və o sahədə də dediyim kimi , kifayət qədər razılaşmalar imzalanıb.Eyni zamanda da, Şərqin ən güclü dövləti ilə imzalanan bu müqavilə digər dövlətlərlə də eyni müqavilənin imzalanması üçün şərait yaradacaq və bu addımlar da ardıcıl olaraq atılır və atılacaq".

 

Ekspert hüquqi yardımın genişlənməsinin faydalarından da söz açıb:

 

"Hüquqi yardımın genişlənməsi,təbii ki , daha çox hüquq sahəsini əhatə edir.Ancaq bizim Çinlə digər razılaşmalarımız da var və bu da Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır.Azərbaycanın müstəqilliyi üçün təhlükə hələdə qalmaqdadır. Rusiya ilə aramızda olan son hadisələr bu təhlükənin keçmədiyini bir daha göstərdi,eyni zamanda Rusiya-Ukrayna müharibəsi bir daha onu sübut etdi ki , dünyada zorbaların qarşısını ala biləcək mexanizmlər yoxdur.Ancaq nüfuzlu dövlətlərlə münasibətlərin qurulması , onların maraqlarının təmin olunması , əməkdaşlıq əlaqələrinin gücləndirilməsi , təbii ki , gələcəkdə dövlətimizin təhlükəsizliyi üçün çox ciddi təminatlar verə bilər. Azərbaycanın Türkiyə ilə imzaladığı " Müttəfiqlik " sazişindən sonra Çinlə əlaqələrimizin inkişaf etməsi dövlətimizin müstəqilliyi üçün çox vacib addımlardan biridir".

 

Nəzrin Məmmədova