ABŞ bu ölkələrə tarifləri geri qaytarır-Bessent

Bölmə: Siyasət › ,
Tarix: 22:31 07.07.2025

 

ABŞ bir sıra ölkələrə tarifləri geri qaytarır. Bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.

 

“ABŞ avqustun 1-dən ticarət danışıqlarında irəliləyiş olmayan ölkələrə aprel tariflərini qaytaracaq”, - Bessent bildirib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki,ilk növbədə qeyd etmək lazımdır ki, bu cür hallar artıq dünya iqtisadiyyatına malik ölkələr üçün ənənəvi hal alıb:

 

“Belə ki, güclü iqtisadiyyata sahib ölkələr bir neçə ildir ki, digər dövlətlərin iqtisadiyyatına birbaşa təsir göstərməyə çalışırlar. Bunu nə müharibə, nə də siyasi vasitələrlə deyil, məhz iqtisadi yollarla – tariflər, sanksiyalar, gömrük rüsumları və s. vasitəsilə həyata keçirirlər. Məqsəd isə həmin ölkənin iqtisadiyyatını zəiflətmək və ya çökdürməkdir. ABŞ da bu cür yanaşmanı zaman-zaman tətbiq edən ölkələrdən biridir.

 

Müxtəlif illərdə və fərqli zamanlarda ABŞ Rusiya, Avropa ölkələri, Çin və Hindistan kimi iqtisadi güclərin bazarlarına müxtəlif formalarda təsir göstərib. Son dövrlərdə ABŞ hökuməti beynəlxalq səviyyədə çağırışlar edib, xüsusilə də iqtisadi baxımdan böyük ölkələrə müəyyən tələblər yönəldib. Lakin bu çağırışlara geri dönüş olmayıb. Xüsusilə də Çin, Vyetnam, Malayziya kimi ölkələrdən müsbət cavab gəlmədiyindən, ABŞ hökuməti yeni tədbirlərə əl atmaq qərarına gəlib.

Daha əvvəl bu ölkələrin iqtisadiyyatlarına müxtəlif formalarda təsir göstərilib, o cümlədən sanksiyalar tətbiq edilib, gömrük və vergi rüsumları artırılıb. İndi isə ABŞ Maliyyə naziri Scott Bessent avqustun 1-dən etibarən ticarət danışıqlarında irəliləyiş olmayan ölkələrə qarşı tariflərin yenidən tətbiq ediləcəyini açıqlayıb”.

 

Günay Hüseynova qeyd edib ki, tariflərin tətbiq olunacağı ölkələr arasında Çin, Vyetnam, Hindistan və bəzi Avropa ölkələrinin adları çəkilir:

 

“Bu qərar, təbii ki, həmin ölkələrin də ABŞ-yə qarşı müəyyən tariflər tətbiq etməsi ehtimalını artırır. Qarşılıqlı tarif müharibələri isə qlobal bazarda qiymət artımına səbəb ola bilər. Bu isə ümumilikdə, dünya üzrə inflyasiyanın yüksəlməsi, məhsulların maya dəyərinin artması və tədarük zəncirində əlavə problemlər deməkdir.Bu yanaşma həm də ABŞ-nin ümumi ticarət strategiyasının bir hissəsidir. Hədəf əsasən daxili tələbatı ödəmək, xarici bazarlardan və xüsusilə texnoloji sahələrdə xarici asılılığı azaltmaqdır. Bundan əlavə, digər ölkələrin iqtisadiyyatlarına təsir etməklə onları zəiflətmək məqsədi daşıdığı da qeyd olunur.

 

Bu cür tarif qərarlarının beynəlxalq münasibətlərdə ciddi gərginlik yaradacağı gözlənilmir. Çünki artıq bir çox ölkələr ABŞ-nin iqtisadi təsirlərinə adaptasiya olublar və daxili tələbatlarını ödəmək üçün alternativ bazarlarla əməkdaşlıqlar qurublar. Bu dövlətlərin təbii resursları, daxili istehsal imkanları və ticarət tərəfdaşlarının müxtəlifliyi səbəbilə ABŞ-nin bu qərarı onların iqtisadiyyatına kəskin mənfi təsir göstərməyə bilər”.

 

İqtisadçı ekspert əlavə edib ki, mövzunun Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinə gəlincə, burada bir neçə amil nəzərə alınmalıdır:

 

“Azərbaycanın bəzi məhsulları ABŞ-dən idxal edilir, lakin ölkəmiz ABŞ bazarından asılı deyil. Bu məhsullar alternativ olaraq Çin, Rusiya, Türkiyə və digər bazarlardan da idxal oluna bilər. Buna görə də tarif qərarının birbaşa qiymət artımına səbəb olacağı gözlənilmir. Ancaq beynəlxalq səviyyədə baş verən qiymət artımları və daşınma xərclərinin yüksəlməsi Azərbaycanda da bəzi məhsulların qiymətində artım yarada bilər.Digər tərəfdən, ABŞ-nin bəzi ölkələrə tətbiq etdiyi tariflər Azərbaycana yeni imkanlar da yarada bilər. Belə ki, müəyyən məhsulların tranzit daşımaları ölkəmiz vasitəsilə həyata keçirilə, yaxud da böyük xarici şirkətlər Azərbaycanda istehsal müəssisələri aça bilər. Bu isə həm yeni investisiyalara, həm də ixrac imkanlarının genişlənməsinə səbəb ola bilər.


Hazırda sözügedən tarif qərarı avqustun 1-dən qüvvəyə minəcək və digər ölkələrin ABŞ-yə qarşı tətbiq edəcəkləri əks tədbirlərin detalları hələ məlum deyil. Ona görə də bu mərhələdə konkret nəticələr haqqında danışmaq tezdir. Lakin ümumi təhlillər göstərir ki, baş verən iqtisadi qarşılıqlı tədbirlər Azərbaycan üçün daha çox müsbət təsir doğura bilər, nəinki mənfi nəticələrə səbəb olsun”.

Ləman Mahmudlu