Neft bazarındakı eniş milli valyutanın dəyərinə təsir göstərə bilər-Elçin Məmmədov

Tarix: 23:10 07.07.2025
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,44% azalaraq 1 barelə görə 68 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,74 dollar və ya 1,10% azalaraq 66,26 ABŞ dollarına bərabər olub.
Mövzu ilə bağlı iqtisadçı Elçin Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, neft qiymətlərinin həftə sonu enməsinin əsas səbəbi OPEC+ ölkələrindən neft hasilatının cari ilin avqust ayından başlayaraq gündəlik 548 min barel artırılması barədə verdiyi açıqlama olub:
“Belə ki, dünyanın ən iri neft ixracatçıları olan Səudiyyə Ərəbistanı və Rusiya Federasiyasının söz sahibi olduğu OPEC+ qrupu daha öncə neft hasilatının may, iyun, iyul aylarında gündəlik 411 min barel artırılacağını bəyan edib. Avqust üçün artırılan kvota əvvəlki ayların göstəricisindən 33% çox olmaqla neft qiymətlərinin cüzi geriləməsinin əsas səbəbi olub. Neft qiymətlərinin müəyyən qədər ucuzlaşması, qiymət dəyişkənliyinin gözlənilən səviyyədə qalması ölkə iqtisadiyyatına ciddi zərbə vurmasa da, neftin kəskin ucuzlaşması və uzun müddət aşağı səviyyədə qalması ölkəmizin neft ixracatından əldə olunan valyuta gəlirlərinin kiçilməsinə, xarici ticarət balansında kəsirin yaranmasına, milli valyutanın dəyər itirməsinə, nəticə etibarı ilə idxal olunan mal və xidmətlərin qiymətinin artmasına səbəb ola bilər”.
Nuray Əliyeva