Husilərdən Ben Quriona raket hücumu

Bölmə: Siyasət › ,
Tarix: 21:28 07.07.2025

Yəməndə fəaliyyət göstərən husilər İsrailin "Ben Qurion" beynəlxalq hava limanına hipersəsli ballistik raketlə hücum ediblər.Bu, husilərin İsrail ərazisinə qarşı həyata keçirdiyi ən ciddi və texnoloji baxımdan inkişaf etmiş hücumlardan biri kimi qiymətləndirilir.Hadisə regionda gərginliyin daha da artmasına və təhlükəsizlik narahatlıqlarının güclənməsinə səbəb olub.

 

Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda İranın yaxın qüvvələri içərisində husilər ən güclü silahlanmış qüvvə sayılır:

 

"Biz bilirik ki, husilər neçə illərdir Körfəz koalisiyasına — Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb monarxiyalarının qurduğu koalisiyaya qarşı uğurla savaşırlar.Yəni, Körfəz ərəb monarxiyalarının muzdlularla, muzdlu qüvvələrlə husiləri Yəməndə məğlub etmək cəhdləri neçə illərdir boşa çıxır. Hətta bir müddət elə görsənirdi ki, məsələ bitdi, amma sonra davam etdi. Lakin husilər bu cəhdlərin öhdəsindən gələ bildilər, şəhərlərini qoruyub saxlaya bildilər. Yəni, bunlar ciddi bir qüvvədir. Hazırda İranın yaxın qüvvələri içərisində husilər ən güclü silahlanmış qüvvə sayılır. Onlar Hizbullaha da hərbi güc baxımından çatırlar. Səudiyyə Ərəbistanının apardığı sərt siyasət nəticəsində husilər İranla yaxınlaşıblar. Yəni, artıq çox inkişaf etmiş balistik raketləri İran onlara verib.Mən əvvəllər də demişəm ki, İranın uzun müddətdir uzaqmənzilli raketləri var. Bizdə isə İranı aşağılayanlar o fikirləri qəbul etmirlər, mən deyəndə ki, İranın 2000 km uçuş məsafəsinə sahib raketləri var".

 

Ekspert həmçinin bunu da bildirib ki, bu qüvvələr ciddi qüvvədirlər:

 

"12 günlük İsrail müharibəsində İranın uzaqmənzilli raketləri bütün müdafiə sistemlərini yararaq İsrailin şəhərlərinə zərbələr endirdi, indi isəhusilərə balistik raketlər veriblər, onlar da həmin raketlərlə İsrailə zərbələr endirirlər. Bu, ciddi bir qüvvədir — İranın məsafədən dəstəklədiyi və müttəfiqi olan, regionda, Körfəz bölgəsində ən güclü qüvvədir".

 

Gülhüseynova Güllər