Tramp-Netanyahu görüşü səbirsizliklə gözlənilir

Bölmə: Siyasət › ,
Tarix: 15:30 08.07.2025

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçiriləcək görüş mətbuata açıq olmayacaq.

Görüşdən sonra mətbuat konfransının keçirilməsi gözlənilmir.

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutacaq mətbuata qapalı görüş, klassik diplomatik praktikalardan biri kimi qiymətləndirilə bilər:

"Belə görüşlər, tərəflərin daha sərbəst və səmimi şəkildə fikir mübadiləsi aparması üçün mühüm platforma yaradır. Mətbuatın iştirak etmədiyi şəraitdə liderlər strateji məsələləri və həssas təhlükəsizlik mövzularını daha açıq şəkildə müzakirə edə bilirlər. Bu, xüsusilə İranla bağlı hərbi və kəşfiyyat əməkdaşlığı, Yaxın Şərqdəki qarşılıqlı fəaliyyət planları kimi məsələlərin detallarını koordinasiya etmək üçün əhəmiyyətlidir.
Hazırkı mərhələdə ABŞ-İsrail münasibətləri strateji baxımdan sıx olsa da, bir sıra regional və daxili siyasi faktorlar bu tərəfdaşlığı yeni sınaqlara çıxarır. Tramp və Netanyahunun görüşü Vaşinqton-Təl-Əviv xəttindəki koordinasiyanı gücləndirmək üçün bir fürsət kimi dəyərləndirilir. Xüsusilə İranın nüvə proqramı, Suriya və Livan cəbhəsindəki vəziyyət və ABŞ-nin bölgədəki hərbi mövcudluğu bu görüşün gündəmində əsas yer tuta bilər. Eyni zamanda, bu görüş Tramp administrasiyasının İsrailə dəstəyini davam etdirdiyini göstərmək baxımından da simvolik əhəmiyyət daşıyır".

Həmçinin politoloq əlavə edib ki, mətbuata qapalı görüşlərin üstünlükləri arasında konfidensiallıq, emosional diplomatiyanın azaldılması və tərəflərin siyasi risqləri minimuma endirərək sərbəst danışa bilməsi qeyd edilə bilər:

"Ancaq bu tip görüşlər eyni zamanda şəffaflıq baxımından suallar doğura bilər. İctimaiyyət və mətbuatın iştirakı olmadan keçirilən belə görüşlərdə qəbul edilən qərarların sonradan izah edilməməsi və ya yanlış anlaşılması ehtimalı artır. Bundan əlavə, üçüncü tərəflər – məsələn, Avropa ölkələri və ya ərəb dünyası – bu görüşlərə şübhə ilə yanaşa və bunun regionda yeni razılaşdırılmamış təşəbbüslərə zəmin yaratdığını düşünə bilərlər.
Tramp-Netanyahu görüşü qapalı keçirilsə də, onun nəticələri ABŞ-İsrail münasibətlərinin yaxın perspektivini formalaşdıracaq əsas siyasi mesajlar verə bilər. Bu baxımdan, görüşdən sonra yayımlanacaq hər hansı bir açıqlama və ya praktik addımlar diqqətlə izləniləcək".


Fatimə Heydərova